Gələn il təhsilə 4,4 milyard manat vəsait ayrılır -

2023-cü ilin dövlət büdcəsində 4,4 milyard manat təhsil xərcləri nəzərdə tutulur. Bu barədə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb. Bu göstərici 2022-ci illə müqayisədə 536,5 milyon manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1,3 milyard manat və ya 42,4 faiz çoxdur.

Bəs bu vəsait necə xərclənməlidir?

Təhsil eksperti Kamran Əsədov Metbuat.az-a bildirdi ki, Azərbaycanda təhsil xərclərinin böyük hissəsi dövlət tərəfindən ödənilir:

"UNESCO-nun 2021-ci ildə təhsil monitorinqi ilə bağlı hesabatında bildirilir ki, təhsil xərclərinin ¾ hissəsi dövlət tərəfindən maliyyələşdirilir. Azərbaycanın da daxil olduğu gəliri aşağı və orta olan ölkələrdən fərqli olaraq qalan hissə isə ev təsərrüfatının üzərinə düşür. Hesabata əsasən, Azərbaycanda təhsil sahəsində dövlət xərcləri ÜDM-in 2,9 faizini təşkil edir. Cənubi Qafqaz regionunun digər ölkələrinə gəlincə, Ermənistanda bu göstərici 2,8, Gürcüstanda isə 3,8 faizdir. Azərbaycanın dövlət xərclərinin ümumi həcmində təhsilin payı 8,2 faizdir. Bir məqamı da qeyd edim ki, Azərbaycanda dövlət məktəbəqədər hər bir şagird üçün 4 370 dollar (adambaşına düşən ÜDM-nin 26 faizi), orta təhsil üçün 3 765 dollar (22 faiz), ali təhsil üçün isə 3 972 dollar (23%) xərcləyir. Amma Azərbaycanın ana maliyyə sənədinə nəzər yetirdikdə təhsilə ayrılan vəsaitin ümumilikdə faiz etibari ilə yüksək olmadığı məlum olur. Yəni investisiya layihələrinə 6-7 milyard manat ayrılırsa, təhsil üçün onun üçdə biri nəzərdə tutulur".

Ekspert bildirdi ki, son 2 il ərzində təhsil sahəsində çalışanların həyat şəraitinin yaxşılaşdırılması üçün addımlar atılıb. Lakin ciddi islahatlara ehtiyac var:

"Faktiki olaraq təhsil sektorunda çalışanların böyük qisminin digər iqtisadi sahələrdə aktiv fəaliyyət imkanlarının olmaması onların əlavə gəlirlər əldə etməsini azaldır və nəticədə bu sahədə çalışan insanların maliyyə təminatı zəif hesab edilir. Çünki müəllimlər təxminən 300 manat məvaciblə ailə büdcələrini formalaşdırdığı halda onlardan keyfiyyət tələb etmək mümkün deyil. Ölkənin şəhər və kəndlərində son 10 il ərzində 3500-ə yaxın məktəb binası tikilərək istifadəyə verilib. Məktəbəqədər təhsil müəssisələrinin tikilməsi və yenilənməsi istiqamətində də işlər görülüb. Yeni təhsil müəssisələrinin tikintisi zamanı daha çox müasir təhsil standartlarına uyğunluq nəzərə alınıb. Təəssüf ki, hər məktəbin tikintisi zamanı sərf olunan vəsaitlər barədə şəffaf maliyyə hesabatı yoxdur. Hesab edirəm ki, təhsil sektorunda investisiya qoyuluşlarının şəffalığının artırılmasına ciddi ehtiyac var".

Kamran Əsədov həmçinin qeyd etdi ki, təhsil istiqamətində ayrılan investisiyalar düzgün xərclənmir, təhsilə ayrılan dövlət investisiyasından isə bir çox hallarda səmərəsiz istifadə edilir:

"Bundan başqa ali təhsil müəssisələrinin maliyyə fəaliyyəti ilə bağlı şəffaflıq yoxdur. Universitetlərin maliyyə hərəkətliliyini görmək olmur. Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri kimi bu sahədə apardığım araşdırmalar göstərir ki, təhsilə ayrılan dövlət investisiyasından bir çox hallarda səmərəsiz istifadə edirlər. Araşdırmanın nəticələrindən aydın olub ki, eyni ildə, yəni bərabər iqtisadi mühitin diqtəsində ABŞ səfirliyi tərəfindən tikilib istifadəyə verilən təhsil müəssisələrində bir şagird yeri üçün orta hesabla 638 manat vəsait xərcləndiyi halda Təhsil Nazirliyinin tikdirdiyi məktəblərdə anoloji xərc 3 dəfə çox və ya 1870 manat təşkil edib. Çıxarılan nəticə ondan ibarətdir ki, hökumət son illər təhsil istiqamətində investisiya xərclərini artırsa da, bu vəsaitlərin xərclənməsi zamanı şəffaflıq və effektivlik təmin edilməyib. Lakin qeyd etmək lazımdır ki, ötən illər ərzində həm ümumtəhsil, həm də məktəbəqədər təhsil müəssisələrinin tikilib istifadəyə verilmə vəziyyəti əvvəlki illərlə müqayisədə müəyyən qədər yaxşılaşıb".

Təhsil Nazirliyinin brifinqini müzakirə edirik - Təhsil eksperti Kamran  Əsədov CANLI YAYIMDA  - YouTube

Kamran Əsədovun sözlərinə görə, büdcədən ayrılan vəsait elmi tədqiqatlar üçün də xərclənməlidir:

"Ümumilikdə ali təhsilin infrastrukturun formalaşdırılması və saxlanması, çalışanların əməkhaqqının ödənilməsi, innovasiyanın tətbiqinin maliyyələşdirilməsi kimi məsələlər dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir ki, bu da dünyada qəbul edilməyən haldır. Amma ali təhsil müəssisələri ilə orta ümumtəhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi müəyyən qədər anlaşılandır. İnkişaf etmiş ölkələrin təcrübəsinə görə təhsil xərcləri dövlət, özəl, beynəlxalq, qarışıq maliyyələşmə hissələrindən ibarətdir. Amma bizdə buna rast gəlmək mümkün deyil. Maliyyə Nazirliyi ən azından icra edilmiş büdcə hesabatında hər bir universitetə ayrılmış vəsaitin həcmini açıqlamalıdır. 2014-cü ilədək bütün universitetlər üzrə ayrılan vəsaitin həcmini dövlət büdcəsində görmək mümkün olsa da, son 4 ildə yalnız ADA, Moskvanın iki universitetinin filialı, bu ildən isə İlahiyyat İnstitutuna ayrılan vəsaiti görmək olur. Yerdə qalan universitetlər üzrə yalnız ali təhsilin ümumi xərci göstərilir. Hesab edirəm ki, büdcədən elmə, elmi tədqiqatlara daha çox vəsait ayrılmalıdır. Bundan başqa gənclərin elmə gəlməsi üçün stimullaşdırıcı tədbirlərin əhatəsi genişləndirilməlidir".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR