Paytaxtın qazanxana problemi:

Bildiyimiz kimi, hər il noyabrın 15-də paytaxt Bakıda istilik mövsümünün başlanması ilə əlaqədar olaraq yaşayış binalarına mavi yanacaq verilişi qış mövsümünə uyğunlaşdırılır. Paytaxtın yeni binalarında istilik sistemi olsa da, köhnə tikilən binalar haqda bunu demək çətindir. Həmin binaların sakinləri uzun müddətdir ki, problemə alternativ çıxış yolu taparaq qışı yaza dəyişirlər.

Mövzu ilə bağlı əmlak üzrə ekspert Elnur Fərzəliyev Metbuat.az-a özəl müsahibəsində bildirdi ki, mərkəzi istilik sistemi olan binaların qazanxanalarının əksəriyyəti istismar müddəti başa çatdığı üçün həmin binalara istilik verilişi dayandırılıb. Elnur Fərzəliyev fikirlərinə əlavə olaraq qeyd etdi ki, müxtəlif zamanlarda o binalardakı mənzil sahiblərinin əksəriyyəti həmin ümumi isitmə xətlərini kəsərək mənzillərindən ləğv etməsi nəticəsində də, bəzi binaların istiliklə təmin olunmasında problem yaranır.

Elnur Fərzəliyev

“Bildiyiniz kimi, son dövrlərdə paytaxtda yenitikili çoxmənzilli binaların sayı artmaqdadır. Burada bir məqam da var. Köhnə binaların istilik sistemlərinə çəkilən xərclər dövlət dəstəyi ilə həll olunur amma yeni tikili binalarda isə bu tam fərqlidir. Təsəvvür edin mənzil sakini evinə kombi sistemi çəkdirir, qaz və su borcunu adi vətəndaş qiymətinə ödəyir, amma binada ümumi qazanxana istilik sistemi qurulan zaman isə onlara verilən qaz və suyun qiyməti kommersiya kimi nəzərdə tutularaq iki qatına hesablanır. Nəticə etibarı ilə həmin istixanadan çıxan isti su yenə həmin sakinlərə verilir. Aylıq xərc daha böyük olduğundan əksər tikinti şirkətləri həmin qazanxanaları tikməkdə maraqlı olmurlar. Çünki xərc yüksək olduqca sakinlərin aylıq kommunal ödənişləridə məcburən yüksək olur. Hazırda əksər insanlar qızdırıcı kimi kombi sisteminə üstünlük verirlər. Təəssüflər olsun ki, digər istilik vasitələrindən daha az təhlükəsiz hesab olunan kombilər ekoloji baxımdan heç də təhlükəsiz sayılmır. Mərkəzi istilik sistemlərinin olmaması səbəbindən hər bir sakin öz evini isitmək və isti su ilə təmin etmək üçün kombi və qaz ilə işləyən istilik cihazlarından istifadə edir. Hər bir çoxmənzilli yeni tikili binada bəzən yüzlərlə mənzillər olur. Hər bir mənzil eyni anda kombi sistemi işə salındıqda isə ekologiyaya dəyən zərəri təsəvvür belə etmək çətindir. Eyvanlara qoyulan kombi aparatlarının borularından çıxan zəhərli qazlar hava yolu ilə digər qonşunun pəncərəsindən rahat bir şəkildə onun evinə dola bilir. Bu emal olunmuş zəhərli qazların nə qədər təhlükəli olmalı isə tam şəffaflıgı ilə hər kəsə aydındır.”

Dəm qazının insan orqanizmasına təsiri məlumdur. Çox təəsüflər olsun ki bu barədə hələdə heç bir ciddi addımlar atılmır. Bəs xarici ölkələrdə çoxmənzilli binalarda isitmə sistemi necə tənzimlənir?

“Əksər xarici ölkələrin mənzilləri isitmək üçün təcrübəsinə nəzər salsaq görərik ki, inkişaf etmiş ölkələrdə çoxmənzilli binalara qaz xəttləri verilmir. Binalar 24 saat isti və soyuq su ilə təmin olunur və soba kimi isə elektrik cihazları ilə işlədilir.’’

Çıxış yolu varmı?

“Çıxış yolları müxtəlif olsada görünən odur ki binaların istixanalarına verilən qaz və suyun qiyməti kommersiya qiymətləri ilə iki qat qiymətə yox, elə adi vətəndaşlara satılan qiymətə verilərsə tikinti şirkətləri də həmin istixanaları qurmaqda maraqlı olarlar. Hətta dövlət qurumları bu məsələyə maraqlı olsa çoxmənzilli yaşayış binalarının tikintisinə icazə verildiyi zaman mərkəzi istiliyin qurulmasının məcbur olmasınıda qeyd edə bilərlər.”

Güıbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR