"Azərbaycanın İsraillə münasibətləri hər sahədə qarşılıqlı faydalıdır" -

"Uzun illər Azərbaycan cəmiyyətində İsraildə səfirliyimizin olmamasının səbəbi kimi İranın etirazının nəzərə alınması fikrləri təqdim edilsə də, bu belə deyildi. Azərbaycanın İsraildə indiyədək səfirlik açmamasının tək səbəbi müsəlman dünyasından özünə yönəlik dəstəyi itirməmək istəyi idi".

Metbuat.az xəbər verir ki, bu fikirləri politoloq Yeganə Hacıyeva deyib. O bildirib ki, Azərbaycan bu məsələdə Türkiyə nümunəsini əsas götürmüşdü.

Yeganə Hacıyeva

"Türkiyə 50-ci illərin axırlarında İsraillə olduqca isti münasibətlər qurduğu üçün 60-cı illərdə qabaran Kipr məsələsində beynəlxalq arenada müsəlman dövlətlərinin dəstəyini ala bilməmişdi. Məhz bu fakt üzərindən müsəlman ölkələr həm BMT, həm də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində, həmçinin digər beynəlxalq platformalarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsinə dair hər zaman Azərbaycanı dəstəklədilər. Sırf bu fakt üzərindən Azərbaycan daha ağıllı strategiya seçərək, İsrail ilə münasibətləri müxtəlif kanallarla ən yüksək səviyyəyə çatdırmış, səfirliyin açılması məsələsini isə daha yaxşı zamanlara qədər təxirə salmışdır. Qarabağla bağlı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində İsrael həmişə Azərbaycanın yanında olub".

Politoloq xatırlatdı ki, Azərbaycan İsrailin lobbi şəbəkə imkanları hesabına Qarabağ həqiqətlərini dünyaya çatdırmağa çalışdığı illərdə , İran şirkətləri Ermənistanla birgə Qarabağda təbii resurslarımızın talan edilməsində, Qarabağda məscidlərimizin tarixi izlərinin dəyişdirilməsində iştirak edirdi. İran isə məscidlərdə donuz saxlanılmasına göz yumurdu.

"2007-ci ilin yanvar ayında Azərbaycan və İsrail arasında təhlükəsizlik sahəsində iki əməkdaşlıq müqaviləsi imzalandı, 2009 cu-ildə İsrail prezidentinin Bakıya səfəri isə siyasi-diplomatik münasibətlərin yüksək səviyyəyə çatdı. Hər iki ölkə beynəlxalq terrorizmlə mübarizədə eyni mövqedən çıxış edir. Onu da xatırladım ki, məhz bu səfərdən sonra İran, diplomatik təzyiq məqsədilə Bakıdakı səfirini “məsləhətləşmək üçün” geri çağırdı və daha sonra da səfirin “şəxsi səbəblərlə” geri dönməsi kimi bir primitiv izah verdi. İki ölkə arası əməkdaşlığın önəmli sahəsi əlbəttə kəşfiyyat sahəsində əməkdaşlıqdır və bunun nəticəsi kimi bu illər ərzində ölkədə bir sıra terror hadisəsinin qarşısı alınıb. Məsələn, 2008-ci ildə Qəbələ radiolokasiya stansiyasına , eyni ildə Bakıdakı İsrail səfirliyi binasına qarşı təşkil olunmuş terror hücumu, 2012 ci ildə Bakıda bir neçə terror hadisəsi məhz İsrail kəşfiyyatı ilə əməkdaşlıq nəticəsində alındı. 2012-ci il qarşısı alınan terror aktlarından bir neçə həftə öncə İran Azərbaycanı İsraelin Mossad kəşfiyyat ilə güya anti-İran fəaliyyətlərinə kömək etdiyi üçün tənqid etmişdi. 2017-ci ildən Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Komissiyanın məqsədi qarşılıqlı maraq doğuran sahələrdə ixtisaslaşmış işçi qrupları yaradaraq müvafiq məsələlərə dair qərarlar qəbul etməkdir. Komissiya tərkibində hər iki ölkənin müxtəlif nazirlikləri və dövlət idarələri təmsil olunur. Bir sözlə, Azərbaycanın İsraillə münasibətləri hər sahədə qarşılıqlı faydalılığa əsaslanır, enerji və təhlükəsizlik sahələrində iki ölkə arası münasibətlər strateji müttəfiqlik səviyyəsindədir".

Y.Hacıyeva qeyd etdi ki, iki ölkə arası əməkdaşlığın əsas dayaq nöqtəsi isə əlbəttə hərbi sahədə əməkdaşlıqdır. İranın etirazlarına gəlincə isə politoloq bildirdi ki, məhz bu tip əməkdaşlıq İran tərəfindən sərt etiraz və narahatlıqla qarşılanır və zaman-zaman İran-Azərbaycan münasibətlərində soyuqluğa səbəb olur.

"Məsələn, 2011-ci ildən Azərbaycan öz sərhədlərinin təhlükəsizliyini təmin etmək, nəzarətdə saxlamaq üçün İsraildən aldığı dronlardan istifadə edir. Həmin ildən sonra İran mediasında Azərbaycan əleyhinə yazıların əsas səbəbi də məhz bununla bağlı idi. Bu həm də o deməkdir ki, İranın yeni terror aktları hazırlamaq iştahasına düşmə ehtimalına hazır olmalıyıq".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR