Bakıda ağıllı şəhər və kəndlər mövzusunda beynəlxalq konfrans keçirilib -

Bakıda Dünya Bankının dəstəyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: “ağıllı şəhər və kəndlər” mövzusunda beynəlxalq konfrans keçirilib.

Metbuat.az-a Kənd Təsərrüfatı Nazirliyindən verilənməlumta görə, tədbirdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, kənd təsərrüfatı naziri İnam Kərimov, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, müxtəlif dövlət orqanlarının, səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, dünyadakı demoqrafik artım fonunda ərzaq təhlükəsizliyi, xüsusən də Azərbaycan üçün aktual su resursların tükənməsi, enerji mənbələrinin səmərəli istifadəsi, ümumiyyətlə şəhər və kəndlərdə göstərilən xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin və səmərəliliyinin artırılması kimi problemlər “ağıllı şəhər” və “ağıllı kənd” anlayışlarını aktual edir. “Ağıllı kənd” konsepsiyası hazırlanan zaman səmərəlilik, zərurilik, dayanıqlılıq və innovasiyaların təşviqi amilləri nəzərə alınır.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl təmsil etdiyi qurumla Azərbaycan hökuməti arasında əməkdaşlıq, “ağıllı kənd” və “ağıllı şəhər”in yaradılması istiqamətində icra olunan layihələr barədə danışıb.

Kənd təsərrüfatı naziri İnam Kərimov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən noyabrın 16-da təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda mütərəqqi beynəlxalq təcrübə, strateji inkişaf strategiyaları, azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb. “Ağıllı kənd” ideyası məhz bu yanaşmalar fonunda meydana çıxıb və konsepsiya artıq təcrübədə həyata keçirilməkdədir. “Ağıllı kənd” insanları texnoloji yeniliklərə sürətli adaptasiya edən, ətraf mühitin daha yaxşı qorunmasına imkan verən, ekoloji tarazlığı təmin edən modeldir.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib ki, “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyası təkcə müasir şəhərsalma tendensiyalarını və texnologiyaların tətbiqindən ibarət deyil: “Bu konsepsiyada insanların həyat şəraitini yaxşılaşdırmaq məqsədilə infrastrukturun yaradılması, dövlət xidmətlərinə əlçatanlığın təmin edilməsi, kəndlərdə yaşayan insanların məşğulluq məsələləri, iş imkanları, asudə vaxtlarının səmərəli keçirilməsi nəzərdə tutulur. Bütün bu istiqamətlər üzrə sürətli və keyfiyyətli işlər görülür”.

Konfrans öz işini panel sessiyalarda davam etdirib. Sessiyalarda“Xidmətlərinin rəqəmsallaşdırılması və dayanıqlı həyat tərzi”, “Yaşıl enerjiyə keçid”, “Azərbaycanda “Ağıllı kənd” konsepsiyasının tətbiqi”, “Kənd yerlərində tətbiq olunacaq ağıllı həllərin tətbiqi və dayanıqlılığın təmin edilməsində özəl sektorun rolu” mövzusunda müzakirələr və təqdimatlar keçirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR