Fındığın qiyməti "od" tutub -

Quru meyvələrdən olan fındığın hazırda bazarda əsas yer tutan vaxtlarıdır. Amma qiymətlər "əl yandırır".

Metbuat.az xəbər verir ki, Qax, Zaqatala bölgəsindən olan sahibkarlar deyirlər ki, bu il məhsuldarlıq olduqca bol olub. Lakin əvvəlki illərlə müqayisədə qiymətlərdə kəskin fərq var.

Sahibkarlar bildirir ki, ötən illərin bu vaxtlarında fındıq 3 manatdan yuxarı qiymətə satılırdısa, bu il 2.20, 2.30 manata satılır. Bakıda isə qiymətlər rayondan kəskin fərqlənir. Bazarlarda fındığın kilosu 4-5 manat, marketlərdə isə 6 manat təşkil edir.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov saytımıza bildirdi ki, nəzarət olmadığı üçün bu sahədə də monopoliya var. Kartel sövdələşməsi isə problemin kökündə dayanır:

"Cənab Prezident bütün iqtisadi yığıncaqlarında söyləyir ki, ölkədə kartel sövdələşmələri - yəni qiymətlərin birləşib təyin olunması var. Həmçinin monopoliya var, uyğun qurumlara tapşırıqlar verir. Lakin biz bu illər ərzində hələ görməmişik ki, İqtisadiyyat Nazirliyinin Antiinhisar və Bazara Nəzarət Xidməti hansısa bir kartel sövdələşməsini ifşa eləsin. Şübhəsiz ki, fındıq məsələsində də kartel sövdələşmələrinin rolu var. Çünki fındıq ölkənin hər yerində istehsal olunmur. Müəyyən ərazidədir və orada fındıq biznesi ilə məşğul insanlar çox asanlıqla bir araya gələ bilirlər. Cəmi bir neçə adam bu biznesə rəhbərlik edir, yəni onun topdansatışı ilə məşğul olur.

Fındıq öz xüsusiyyətinə görə, anbarda saxlanıla biləndir, tez xarab olan məhsul deyil. Ona görə də fındıq biznesi ilə məşğul olan çox asanlıqla bir sövdələşməyə gedir, qiyməti təyin edirlər. Bu qiymət təyinində əlbəttə "Meyvəli" bazarının da böyük rolu var. Çünki bu bazarda fındığın topdansatışını həyata keçirən adamları orada ayrı-ayrı şəxslər yenidən "alırlar". Bununla da bazarın başqa bir şəbəkəsi meydana çıxır.

Bakının fındıq satışı şəbəkələri əməkdaşlığı həmin "Meyvəli" bazarı ilə qururlar. "Meyvəli"də məhsul alındıqdan sonra bazara çıxarılır, bununla da ayrı- ayrı fındıq istehsalçılarının birbaşa bazara çıxış imkanları həddindən artıq zəifləyir. Qısası, fındığın da qiymətinə təsir edən məhz elə həmin kartel sövdələşmələridir".

Eyyub Hüseynov: “Yağ bahalaşacaq, defisit yaranacaq” » Azərbaycan Gəncliyi  qəzetinin internet saytı

Eyyub Hüseynov həmçinin xatırlatdı ki, fındıqda çox təhlükəli aflatoksin göbələklər olur. Bu hala rast gələn zaman, qəbul dayandırılmalı, əks halda insan həyatı üçün təhlükə yarada bilər:

"Ləpənin içərisində düyüdən də kiçik bir boşluq olur. Fındıq ləpələrin içərisində əgər o boşluqda sarı rəng varsa, belə fındıq təhlükəli fındıqdır, onu yemək olmaz. Orada çox ciddi zəhərləyici aflatoksin göbələkləri olur. Keçən ilki fındıq sezonunda Azad İstehlakçılar Birliyi olaraq bazarlardan 100 dənə fındıq aldıq. Onu sındırdıq, təxminən 20-si o cür çıxdı. İstehlakçılara üzünü tutub deyirəm ki, fındıq ləpələrini birbaşa yemək təhlükəlidir".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR