“İsraildə səfirliyin açılması münasibətlərimizi daha da möhkəmləndirəcək” -

Bildiyimiz kimi, Azərbaycanın İsraildə səfirliyi təsis edəcək. Azərbaycan Milli Məclisi noyabrın 18-də Azərbaycanın İsraildə səfirlik açmasına razılıq verib. Ölkələrimiz arasında sıx dostluğun və əməkdaşlığın dərinləşməsinin 30 illiyi ərəfəsində bu addımın atılması iqtisadi-strateji fayda verməklə yanaşı, həm də ənənəvi tarixi, mədəni köklər əsasında qurulmuş münasibətləri daha da inkişaf etdirəcəkdir.

İki ölkə arasında əlaqələri yüksək qiymətləndirən millət vəkili Cavid Osmanov Metbuat.az-a açıqlamasında qeyd etdi ki, Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsi ilə bağlı qərar qəbul etməsi ilk növbədə Azərbaycan dövləti tərəfindən beynəlxalq münasibətlər sistemində yürütdüyü siyasətin növbəti uğurlu addımı kimi qiymətləndirmək olar.

Cavid Osmanov

“Birincisi, onu qeyd etmək lazımdır ki, Azərbaycan-İsrail münasibətləri yüksələn dinamika üzrə inkişaf edir və iki dövlətin xalqları arasında möhkəm dostluq münasibətləri mövcuddur. Eyni zamanda, İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən biridir. İsrail-Azərbaycan arasında bir çox sahələrdə əməkdaşlıqlar mövcuddur. Xüsusən də müasir hərbi texnologiya baxımdan İsraillə Azərbaycan arasında müxtəlif müqavilələr var. Azərbaycan İsraildən yüksək texnologiyalı müasir hərbi texnikaların alınmasına bağlı əməli addımlar atmışdır. Hesab edirəm ki, səfirliyin açılması İsrail-Azərbaycan münasibətlərini daha da möhkəmləndirəcəkdir”.

Cavid Osmanov bildirdi ki, Azərbaycanda yəhudilərə həmişə yaxşı münasibət bəslənib və burada heç zaman antisemitizm halları olmayıb. Bu gün də ölkəmizdə mövcud olan yəhudi icmalarının Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatə olunub. Millət vəkili hesab edir ki, İsrail dövlətinin Azərbaycanla əməkdaşlıqda maraqlı olmasını təkcə bu ölkənin zəngin enerji resursları, strateji geosiyasi vəziyyəti, sırf iqtisadi-siyasi amillərlə səciyyələndirmək düzgün deyil.

“İki ölkə arasında əməkdaşlıq, tarixən mövcud olmuş, bu əlaqələrin kökündə insani dəyərlər, milli-dini tolerantlıq, qarşılıqlı anlaşma olub. Biz İsrailin hər zaman beynəlxalq təşkilatlarda dəstəyini görmüşük. Xüsusilə 44 günlük Vətən müharibəsində Azərbaycana yardım göstərib. Azərbaycan İsrail ilə ikitərəfli strateji və iqtisadi əlaqələri inkişaf etdirən az saylı müsəlman ölkələrindən biridir. İsrail 1992-ci il oktyabrın 7-də Azərbaycanda səfirlik açıb. Hər iki ölkə arasında tərəfdaşlığın yüksək səviyyədə olmasının təkcə iki dövlətin inkişafında deyil, həm də bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayıb. Əminəm ki, bu əlaqələr inkişaf edəcək və regiona müsbət təsir göstərəcək”.

Müxtəlif sahələrdə əməkdaşlıq üçün prioritetlərimizin olduğunu deyən "Azərbaycan Yəhudi Media Mərkəzi"nin direktoru Nəsimi Əbilov Metbuat.az-a açıqlamasında bildirdi ki, 30 il müddətində iki dövlət arasında bir çox sahələr üzrə əməkdaşlıq davam etməkdədir.

Nəsimi Əbilov

“30 il ərzində bu münasibətlər fonunda biz yəhudilər və Azərbaycan cəmiyyəti, İsraildə Azərbaycan səfirliyinin olması istəyi ilə yaşamışıq. Hər iki dövlət İsraildə Azərbaycan səfirliyinin açılmasına ciddi yanaşır və bunun üçün nəticəli addımlar atırlar. Nəticədə hər iki dövlət arasında münasibətlərin dahada genişlənərək, əməkdaşlıq sahələrinin artırılacaq və region üçün sülh, firavan gələcək naminə yüksək strateji perspektivliyə nail olunacaqdır. Bildiyimiz kimi, Azərbaycanın 30 il tarixi torpaqları işğal altında olub. Bu müddət ərzində Azərbaycan Respublikası öz hərbi arsenalını hər il gücləndirməkdə davam edib. Dünyada öz müasir silahları ilə tanınan İsrail dövləti bu sahədə hər zaman köməkliyini Azərbaycana göstərib. 44 günlük Vətən müharibəsində də həm hücumda, həm müdafiədə bu silahlar öz faydasını göstərmişdir. 44 günlük Vətən müharibəsində dünya yəhudiləri Azərbaycanın yanında olaraq ona diplomatik dəstək verib, qardaşlıq nümayişi göstəriblər. Rəhbərlik etdiyim Azərbaycan Yəhudi Media Mərkəzi bu müharibə dövründə ən qaynar nöqtələrdə olaraq həqiqətlərin dünyada tanınmasın da bir çox işlər görüb”.

İki dövlət arasında mövcud olan dostluğu, tərəfdaşlığı həzm etməyən dövlətlərdən birinin İran olduğunu deyən Nəsimi Əbilov qeyd etdi ki, buna səbəb İsrailin yürütdüyü xarici siyasətdir.

“Rəsmi Təl-Əviv İran ətrafında olan dövlətlərlə əməkdaşlıq etdiyi üçün bu siyasət İranın həm daxili, həm xarici siyasətində gərginliyə səbəb olur. Biz bununla bağlı bəzi hallarda sosial şəbəkələrdə İran rəsmilərinin müxtəlif sərsəm çıxışlarına çox rast gəlmişik. Hazırda İran anlayır ki, regiondakı vəziyyət onun istədiyi kimi getmir. İrandan fərqli olaraq İsrail bir çox türkdilli dövlətlərlə, xüsusən də Türkiyə ilə münasibətlərini inkişaf etdirir. Türkiyə-İsrail əlaqələrinə gəldikdə isə bildirim ki, hazırki İsrail torpaqları Osmanlı imperiyasının müstəmləkəsində olmuş və Osmanlı sultanı da yəhudilərə hörmətlə yanaşmışdır. Bu gün hər iki dövlətlər arasında yüksək ticarət dövriyyəsi mövcuddur. Eləcə də təhlükəsizlik, terrorizmlə birgə mübarizədə əməkdaşlıqlar var. Düşünürəm bölgədə Azərbaycan-Türkiyə-İsrail kimi dövlətlərin birgə əməkdaşlığı çox böyük fayda verəcək və regionda daimi sülhün təminatını sərgiləyəcəkdir”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusu üzrə dərc olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR