​“Fransa ölkəmizi hədəf almaqla ermənipərəst mövqeyini nümayiş etdirir” -

“Noyabrın otuzunda Fransa Milli Assambleyası ölkəmizə qarşı növbəti dəfə qərəzli siyasi aksiya təşkil edərək bütövlükdə beynəlxalq hüquq normalara, prinsiplərə zidd olaraq dövlətimizin ərazi bütövlüyünü və suverenliyini hədəf alan qərəzli və ədalətsiz bir akt qəbul etmişdir”.

Bu sözləri Milli Məclisin deputatı Cavid Osmanov Fransanın Azərbaycan əleyhinə qəbul etdiyi qətnamələri Metbuat.az-a şərh edərkən deyib. Deputat hesab edir ki, Fransa Senatının və Milli Assambleyasının qəbul etdiyi bu qətnamələr siyasi bir avantura meydanına çevrilməsindən xəbər verir.

Cavid Osmanov

“Xatırladım ki, bundan əvvəl də Fransa Senatı noyabr ayının on beşində buna bənzər belə bir qətnamə qəbul etmişdi. Hazırda Azərbaycan cəmiyyətində Fransa qanunverici orqanlarının hər iki absurd qərarına ciddi etiraz var. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini 30 il müddətində işğal altında saxladığı bir müddətdə Fransa bununla bağlı heç bir addım atmadı. Rəsmi Paris eyni zamanda, həmin dövrdə xalqımıza qarşı erməni vandalları tərəfindən törədilən dünyanın ən qanlı soyqırım faktı, o cümlədən 30 il müddətində işğal altında olan torpaqlarımızda misli görünməmiş vandalizm aktına da səsini çıxartmadı. ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın Ermənistana dəstək göstərməsi nəticəsində keçmiş “Dağlıq Qarabağ” münaqişəsində 30 ilə yaxın heç bir müsbət irəliləyişə nail olunmadı. Tam əksinə, həmin dövrdə məhz Azərbaycan-Ermənistan arasında yaranmış münaqişəni BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi istiqamətində Fransa ermənipərəst mövqe nümayiş etdirərək ikili standartlar sərgiləyərək Ermənistanın maraqlarını müdafiə etdi. Bir çox ölkələrdə qanlı qətliamlar törədərək milyonlarla insanın həyatına son qoymuş Fransa bu gün ölkəmizi hədəf almaqla ermənipərəst mövqeyini bir daha nümayiş etdirir”.

Cavid Osmanov vurğuladı ki, Fransanın hər iki qanunverici orqanının qəbul etdiyi bu qətnamələr kağız parçasından başqa bir şey deyil.

“Fransanın tarixində müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətmiş bir ölkə olaraq Azərbaycanı əsassız yerə Ermənistana qarşı müharibə cinayətləri törətməkdə ittiham etməsi, əlbəttə ki, çox ciddi təəssüf doğurur. Artıq Azərbaycan qalib, dünyada öz sözünü deyən və Cənubi Qafqazda lider bir ölkədir. Fransanın qanunverici və hakimiyyət orqanlarının Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin həyata keçməsinə, münasibətlərin normallaşmasına çox ciddi zərbə vurur və bölgədə erməni şovinist ideologiyasının məqsədlərinə xidmət edərək revanşist və aqressiv separatçı qüvvələri daha da həvəsləndirərək regionu yeni təhlükələrə yönləndirirlər. Yaxşı olardı ki, Fransa Azərbaycana qarşı əsassız ittihamlar etməkdən əl çəkərək öz daxilində olan problemləri - irqçilik, islamofobiya və antisemitizm hallarının qarşısını alsın və öz sadə vətəndaşlarının problemləri ilə məşğul olsun. Belə əsassız ittihamlarla Azərbaycanı öz haqlı, ədalətli yolundan heç bir qüvvə bundan sonra da çəkindirə bilməz”.

Hazırladı: Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusu üzrə dərc olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR