Türkiyəli generaldan İrana SƏRT MESAJ:

“F16-ların Azərbaycan səmalarına qayıtması İranı qıcıqlandırıb, qəzəbləndirir”.

Bu sözləri Metbuat.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, Türkiyə Ordusunun ehtiyatda olan generalı Dr. Yücel Karauz deyib. General vurğuladı ki, yaxşı olardı ki, İran əsəbiləşmək əvəzinə silkələdiyi barmağına sahib çıxıb, Azərbaycanın ərazi bütövlüyünü tanısın. Türkiyə-Azərbaycan birgə təlimləri barədə danışan Yücel Karauz söylədi ki, İran sərhədində keçirilən təlimlər 2013-cü ildə başlayan Türkiyə-Azərbaycan birgə hərbi təlimləri içərisində ən genişi sayılır.

"Anlamırlarsa, biz başa salarıq" -

Yücel Karauz

“Birgə təlim Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilir. Bu təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar icra edilir. Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbiçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər”.

Türkiyənin F16-larının təlimlərin gedişatında simvolik məna ifadə etdiyini bildirən Yücel Karauz hesab edir ki, bu təlim İran, Ermənistan və Fransa da daxil olmaqla sülhü, sabitliyi və sülhü pozmağa çalışan dövlətlərə bir mesajdır.

“Təbii ki, Türkiyənin milli müdafiə naziri başda olmaqla bütün komandanlığın təlimdə iştirakı əsas məsələlərdən və əsas mesajlardan biridir. Bakının təhlükəsizliyi Ankaradan, Ankaranın da təhlükəsizliyi Türkiyədən keçdiyi kimi, Lənkəranın, Astaranın, İmişlinin də təhlükəsizliyi Ankaraya aiddir. Azərbaycan torpağına tamah salanlar qarşısında Türkiyəni görəcəklər”.

Həm Ermənistan, həm də İran və Fransa başda olmaqla sülh prosesisini pozmaq üçün Azərbaycana barmaq silkələyənlərin qarşısında Türkiyənin dayandığını qeyd edən general xüsusilə vurğuladı ki, Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən keçirilən “Qardaş yumruğu” birgə təlimi də bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

“Bu təlimlərin “Qardaş yumruğu” adlanması da çox gözəl yerində verilən bir mesajdır. Gücümüz birlik və bərabərliyimizdədir. Arzumuz odur ki, Azərbaycan – Türkiyənin qardaş yumruğu daima zirvələrdə olsun”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR