​Hansı nazirlərin sosial şəbəkə hesabları var? -

Azərbaycanda fəaliyyət göstərən nazirliklərin sosial şəbəkə hesabları ilə bağlı kiçik bir araşdırma etmişdik. Məlum olmuşdu ki, nazirliklər nəinki öz rəsmi səhifələrində, həm də sosial şəbəkələrdə - feysbuk, tviter, instaqram kimi platformalarda da fəaliyyət göstərirlər.

Nazirliklərin sosial şəbəkə hesabları nə yerdədir? - ARAŞDIRMA

Metbuat.az bu dəfə nazirlərin sosial şəbəkə hesabları ilə bağlı kiçik araşdırma aparıb:

Müdafiə naziri Zakir Həsənov

9 ildir nazir postunda olan 63 yaşlı Zakir Həsənovun hər hansı rəsmi sosial şəbəkə hesabları yoxdur.

Əmək və əhalisinin sosial müdafiəsi naziri Sahil Babayev

4 ildir ki, əmək və əhalinin sosial müdafiə naziri olan 42 yaşlı Sahil Babayevin də sosial şəbəkə hesabları yoxdur.

Xarici işlər naziri Ceyhun Bayramov

Azərbaycanın 7-ci xarici işlər naziri, 2 ildir bu postda olan Ceyhun Bayramov kifayət qədər həm feysbuk, həm də tviter hesabında aktiv dövlət rəsmilərindən biridir. Nazirin feysbukda 58 mindən çox, tviterdə isə 150 mindən çox izləyicisi var.

Səhiyyə naziri Teymur Musayev

Bu ilin yanvar ayından nazir postuna gələn 52 yaşlı nazirin sosial şəbəkə hesabı yoxdur.

Elm vətəhsil naziri Emin Əmrullayev

Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təhsil naziri təyin edilən 40 yaşlı nazir zaman-zaman feysbuk hesabında canlı yayımlar açaraq suallara cavab verir. Emin Əmrullayev sosial şəbəkə hesablarında aktivdir. Nazirin həm tviter, həm də rəsmi instaqram hesabı var.

Daxili işlər naziri Vilayət Eyvazov

Nazir Vilayət Eyvazov Prezident ilham Əliyevin 2019-cu il 20 iyun tarixli sərəncamı ilə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib. 54 yaşlı nazirin də sosial şəbəkədə rəsmi hesabı yoxdur.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov

2006-cı ildən nazir olan Kəmaləddin Heydərov da həmçinin sosial şəbəkə vasitələrindən istifadə etmir. Xatırladaq ki, 61 yaşlı nazirin həmçinin bəstəkarlıq fəaliyyəti də olub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov

2019-cu ildən İqtisadiyyat naziri olan 56 yaşlı Mikayıl Cabbarov sosial şəbəkədə aktiv nazirlərdən biridir. Nazirin həm feysbukda, həm də tviter hesabında müvafiq olaraq 48 mindən və 14 mindən çox izləyicisi var.

Ədliyyə naziri Fikrət Məmmədov

2000-ci ildən bu yana 22 ildir ki, Ədliyyə naziri olan 67 yaşlı Fikrət Məmmədovun heç bir sosial şəbəkə hesabına rast gəlmədik.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev

55 yaşlı Muxtar Babayev 2018-ci ildən nazir vəzifəsində çalışır. Onun da hər hansı sosial şəbəkə hesabına rast gəlmədik.

Gənclər və idman naziri Fərid Qayıbov

43 yaşlı nazir ötən il gənclər və idman naziri seçilib. Nazirin sosial şəbəkə hesabında həm feysbuk, həm tviter, həm də rəsmi instaqram hesablarında aktivliyi olduqca maraqlıdır. Sonuncu dəfə nazirin Bakı yollarında tıxacın yaratdığı çətinliklə əlaqədar işə piyada gedərək çağırış etməsi də olduqca maraqlı qarşılanmışdı.

Mədəniyyət naziri Anar Kərimov

45 yaşında olan nazir artıq 1 ildən çoxdur ki, bu postda yer alır. Nazirin yalnız rəsmi tviter hesabı var.

Maliyyə naziri Samir Şərifov

61 yaşlı nazir 2006-cı ildən etibarən maliyyə naziridir. Nazirin rəsmi sosial şəbəkə hesablarına rast gəlmədik.

Kənd təsərrüfatı naziri İnam Kərimov

Azərbaycanın 5-ci kənd təsərrüfatı naziri olan 45 yaşlı naziri 4 ildir ki, bu postdadır. Nazirin sadəcə feysbukda bir rəsmi hesabına rast gəldik. Sonuncu paylaşım isə 18 may tarixində edilib.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev

45 yaşlı nazir 2021-ci ildən bu vəzifəyə gələrək səlahiyyətlərini yerinə yetirir. Nazirin həm feysbuk, həm də tviter hesabı fəaliyyət göstərir.

Energetika naziri Pərviz Şahbazov

53 yaşlı nazir 7 ildir ki, postunda xidmət edir. Nazirin tviter hesabı var.

Müdafiə sənayesi naziri Mədət Quliyev

64 yaşlı Mədət Quliyev 2019-cu ildən Müdafiə sənayesi naziridir. Onun da hər hansı sosial şəbəkədə hesabı yoxdur.

Sosial şəbəkə hesabları olan nazirlər içərisində ən çox aktiv olanlar Ceyhun Bayramov, Emin Əmrullayev, Fərid Qayıbov, Mikayıl Cabbarovdur.

Məlumat üçün bildirək ki, Azərbaycanda hazırda nazir olan şəxslərdən ən uzun müddət postuna xidmət edən ədliyyə naziri Fikrət Məmmədovdur. O, həm də nazirlər içərisində ən yaşlı nazirdir. Ən gənc nazir isə 40 yaşlı elm və təhsil naziri Emin Əmrullayevdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR