Yeni ildə quru sərhədləri açılacaq? -

Azərbaycanın qonşu ölkə ilə quru sərhədləri 2020-ci ilin mart ayının 14-dən bağlıdır. Pandemiya dövründə bağlanan quru sərhədlərinin may ayının 1-də açılacağı barədə məlumat yayılsa da, bu baş vermədi.

Sərhədlərin bağlı olması ölkə vətəndaşları ilə yanaşı xarici dövlətlərdən ölkəmizə gələnlər üçün də çətinlik yaradır.

Mövzuya münasibət bildirən millət vəkili Arzu Nağıyev Metbuat.az-a açıqlamasında dedi ki, Operativ Qərargah xəstəliklərin yayılması riskini nəzərə alıb qərar qəbul etdikdən sonra quru sərhədlərin açılması məsələsinə yenidən baxıla bilər.

Arzu Nağıyev

“Biz Rusiyada baş verən son hadisələrdən sonra Rusiyanın bir sıra quru sərhədlərində baş verən hadisələrin şahidi olduq. Düşünürəm ki, hər şeydən vacib insanların sağlamlıqları və təhlükəsizliyinin keşiyinə qalmaqdır. Bu amilləri nəzərə alaraq Operativ Qərargahın tezliklə müsbət qərar verəcəyini gözləmək olar”.

Arzu Nağıyev qonşu İran dövləti ilə bağlı qalan quru sərhədindən dolayı narazılıq edənlərə cavab olaraq bildirdi ki, əgər sərhəd açıq olsaydı daha ciddi problemlər yaranardı.

“Bildiyiniz kimi, İran hazırda bir çox şəhərlərində baş verən etiraz və iğtişaşlar dalğası ilə baş-başadır. Bütün bu prosesləri nəzərə alıb deyə bilərəm ki, İran dövləti ilə quru sərhədimiz açıq olsaydı o zaman onlar bir bəhanə ilə, sərhədi qanunsuz keçmək adı altında müxtəlif məsələlərə əl ata bilərdilər".

Quru yollarının açılmasını istəyənlərdən birinin də özünün olduğunu qeyd edən müsahibimiz söylədi ki, bu qərar verilən zaman hər şeydən əvvəl təhlükəsizlik amilləri nəzərə alınmalıdır.

“Mənim təmsil etdiyim Gədəbəy-Tovuz bölgəsi Gürcüstana ən yaxın bölgələrdən biridir. Quru sərhədlərinin açılması turizmin inkişafı, gediş-gəlişin artması üçün mühüm məsələdir. Lakin müasir geosiyasi və təhlükəsizlik məsələlərini nəzərə alaraq bu istiqamətdə çox ciddi addımlar atmadan öncə mütləq şəkildə vətəndaşlarımızın təhlükəsizliyini nəzərə almaq lazımdır”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR