​“Rus sülhməramlılar barəsində konkret ölçü götürülməlidir” -

“10 noyabr üçtərəfli bəyanatının imzalanmasında iki ildən artıq zamanın keçməsinə baxmayaraq, sülhməramlılar hələ də Qarabağda erməni separatçı tör-töküntülərinin çıxarılmasına nail olmayıblar”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Sülhməramlıların missiyasının yerləşdikləri bölgədə insidentlərin qarşısını almaq, orada yaşayan ermənilərin Azərbaycan qanunlarına və Azərbaycan Konstitusiyasına inteqrasiya olunması, uyğunlaşması prosesində yardımçı olmaq olduğunu xatırladan Vüqar İskəndərov vurğuladı ki, son vaxtlar yaşanan xoşagəlməz hadisələr onu deməyə əsas verir ki, rus sülhməramlıların məqsədi heç də sülhü bərqərar etmək deyil.

Vüqar İskəndərov

“Biz tez-tez başda komandir Andrey Volkov olmaqla sülhməramlılar barəsində oradakı erməni daşnaklarla, hərbi cinayətkarlarla münasibətlər qurulması habelə missiyalarından başqa bütün işlərdə adlarının hallandığını görürük. 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərdə uzun illər qanunsuz istismar və talan edilən yataqların bir çoxunda ekoloji vəziyyət nəzarət altına alınsa da, Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində olan Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında qeyri-qanuni istismar davam etməkdədir. Rəsmi Bakı mövcud vəziyyətə etiraz olaraq 3 dekabr tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarını əraziyə keçid üçün Xankəndi ilə Şuşa şəhəri arasındakı Rusiya sülhməramlı qüvvələrinin nəzarət məntəqəsinə göndərdi. Tərəflər arasında müzakirələr üç saat davam etsə də, nəticə əldə edilmədi.

Müzakirələr zamanı rus sülhməramlıları öz vəzifə səlahiyyətlərini aşaraq, Azərbaycan qanunlarına zidd hərəkətlər törədiblər. Onlar ərazidə olan jurnalistlərin çəkiliş etməsinə mane olaraq kobudluq nümayiş etdiriblər. Bu gün isə Laçın-Şuşa yolunun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatları etiraz aksiyaları zamanı Volkovun başçılıq etdiyi sülhməramlı qüvvələr fundamental fikir və söz azadlığı normalarına zidd şəkildə etirazçılara mane yaradıb ərazidən uzaqlaşdırmağa cəhd ediblər. Onlar narahatdırlar ki, Azərbaycan öz ərazilərində monitorinqlər aparsa, orada olan bütün cinayət faktları ortaya çıxacaq. Ona görə də sülhməramlılar prosesi dayandırmaq üçün separatçılarla əlbir olub maneə törətməyə çalışır”.

Millət vəkili qeyd etdi ki, bütün bu hadisələr rus sülhməramlılar barəsində konkret ölçü götürülməsi faktını zəruri edir:

“Cənab Prezident İlham Əliyev dəfələrlə Rusiya prezidentinə Azərbaycan ictimaiyyətinin rus sülhməramlıların missiyasına zidd hərəkətlərindən dolayı yaranan narazılıqları çatdırıb. Rus hərbçiləri üzərinə düşən vəzifələrin öhdəsindən gəlməlidirlər. Onlar Azərbaycan ictimaiyyət nümayəndələrini lazım olan ərazilərə buraxmalı, öz torpağımızda monitorinq keçirmələrinə şərait yaratmalıdır. Bu onların birbaşa borcudur”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR