Azərbaycanda sənaye istehsalı azalıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 80 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % az sənaye məhsulu istehsal edib.

Metbuat.az-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, son 1 ildə neft-qaz sektorunda məhsul istehsalı 2,2 % azalıb, qeyri-neft-qaz sektorunda isə 5 % artıb.

Sənaye məhsulunun 76,1 %-i mədənçıxarma sektorunda, 20,1 %-i emal sektorunda, 3,2 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,5 % azalıb, əmtəəlik qaz hasilatı isə 8 % artıb.

Emal sektorunda sair nəqliyyat vasitələrinin istehsalı 3,4 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 73,9 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 64,3 %, maşın və avadanlıqların istehsalı 46,9 %, geyim istehsalı 39 %, elektrik avadanlıqlarının istehsalı 37,1 %, mebel istehsalı 33,4 %, poliqrafiya məhsullarının istehsalı 23,2 %, ağacın emalı və ağacdan məmulatların istehsalı 19,6 %, kağız və karton istehsalı 17,4 %, tikinti materiallarının istehsalı 14,5 %, hazır metal məmulatlarının istehsalı 13 %, qida məhsullarının istehsalı 8 %, əczaçılıq məhsullarının istehsalı 7,7 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 6 %, kimya sənayesi məhsullarının istehsalı 2,7 %, metallurgiya sənayesi məhsullarının istehsalı 2,1 % artıb, kompüter, elektron və optik məhsulların istehsalı 1,2 %, içkilərin istehsalı 4,7 %, tütün məmulatlarının istehsalı 4,9 %, neft məhsullarının istehsalı 5,3 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 23,3 %, toxuculuq sənayesi məhsullarının istehsalı 28,8 % azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,2 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,7 % artıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR