​“Sülhməramlıların heyətində ermənilərin xidmət keçməsi qəbuledilməzdir” -

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir. Hazırda aksiya iştirakçılarının sayı artmaqdadır və paytaxt Bakıdan aksiyanın keçirildiyi Şuşa-Xankəndi yoluna ictimai fəalların axını başlayıb.

Aksiya iştirakçıları Qarabağ iqtisadi rayonunun bəzi ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov əraziyə gələnə qədər etirazlarını davam etdirəcəklərini bildiriblər.

İki gündür davam edən aksiyanın mahiyyətini şərh edən politoloq İlyas Hüseynov maraqlı bir məqamı diqqətə çatdıraraq bildirdi ki, ictimai fəallar və kütləvi informasiya vasitələrinin sülhməramlılarla dialoqu əsasında məlum olub ki, sülhməramlıların heyətində həm də ermənilər hərbi xidmət keçirlər. Bu da qəbulolunmaz bir yanaşmadır.

İlyas Hüseynov

“Azərbaycan ərazisində sülhməramlı donu altında ermənilərin yaşaması, işləməsi, qulluq keçməsi tamamilə yolverilməzdir. Aksiyada jurnalistlərin yığılıb qalmış suallarına cavab vermək üçün əraziyə bir polkovnik gəlib. Daha sonra məlum oldu ki, həmin polkovnik içkili vəziyyətdədir və suallara cavab vermək iqtidarında deyil. Bütün bu neqativ hallar yığılıb qalan suallar sülhməramlıların bölgəni vaxtından tez tərk etməsi mövzusunu aktuallaşdırır”.

Dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığının xatırladan İlyas Hüseynov qeyd etdi ki, heç şübhəsiz ki, tərəflər üçtərəfli birgə bəyanatların icrası məsələsini müzakirə ediblər.

“Hesab edirəm ki, Prezidentlərin telefon danışığı zamanı regionda olan problemlər də əsas müzakirə mövzusu olub. Hər gün sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində rastlaşdığımız materiallar onu deməyə əsas verir ki, sülhməramlılar öz fəaliyyətlərindən kənarda iş görür, erməniləri himayə edirlər.

Bir müddət öncə kütləvi informasiya vasitələri nümayəndələrinin bölgəyə buraxılmaması böyük rezonans doğurmuşdu və sülhməramlılar bu davranışları ilə dördüncü hakimiyyətin işinə əngəl törətdilər. Bütün bunlar onu deməyə əsas verir ki, beynəlxalq hüquqdan irəli gələn vəzifələri hələ ki, sülhməramlılar yerinə yetirə bilmirlər. Azərbaycan sülh və danışıqlar yolu ilə yığılıb qalmış problemlərin həllini tələb etsə də, lakin nəticə qənaətbəxş olmazsa digər üsul və vasitələrə də rəsmi Bakı əl ata bilər”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR