Türkdilli dövlətlər arasında strateji əməkdaşlıq genişləndirilir -

Yola salacağımız həftədə - dekabrın 14-də Prezident İlham Əliyev Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirak etmək üçün Türkmənbaşı şəhərinə işgüzar səfərə getdi.

Bir çox önəmli məqamlar fonunda diqqət çəkən səfər zamanı Türkmənbaşı şəhərində Prezidentlər - İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Sərdar Berdiməhəmmədov geniş tərkibdə görüş keçirərək üç dövlət arasında gələcək inkişafa şərait yaradacaq sənədləri imzaladılar.

Metbuat.az-a Prezidentlərin geniş tərkibdə olan səfərinin nəticələrini şərh edən tarix üzrə fəlsəfə doktoru, politoloq, dosent, AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin rəhbəri Elnur Kəlbizadə bildirdi ki, dövlət başçıları arasında keçirilən bu görüş Böyük Səlcuq İmperiyasının parçalanması və süqutundan sonra Türk dünyası tarixinin ən mühüm hadisələrindən biridir.

Elnur Kəlbizadə

“Bu gün Türk dünyasında güclənən inteqrasiya prosesi təkcə romantik arzuların, altı boş şüarların nəticəsi deyildir. Avrasiyanın ürəyinə sahiblənmək uğrunda dərin bir mübarizə gedir. Bu mübarizənin içərisində Böyük Britaniya, Çin və Rusiya kimi güclər var. Bu güclərin hər biri başa düşür ki, bu regionda möhkəmlənmək yalnız türk dövlətlərinin və xalqlarının dəstəyini qazanmaqdan keçir”.

Türk dövlətlərinin liderlərinin bu mövzuda bir az fərqli düşündüyünü deyən Elnur Kəlbizadə vurğuladı ki, elə bu fikirlər də strateji xarakter daşıyır.

“Hansısa güc mərkəzinin yanında olmaqla özü güc mərkəzinə çevrilmək tamamilə fərqli məsələlərdir. Bu baxımdan Türkmənistanın elə əvvəldən heç kəsə qoşulmaması, Azərbaycanın Qoşulmama Hərəkatına qoşulub sədrlik funksiyasını öz üzərinə götürməsi, Türkiyənin NATO-Rusiya məsələsində bir tərəfi təmsil edən oyunçu kimi deyil vasitəçi kimi çıxış etməsi təsadüfi deyildir. Çox ciddi bir dövrdən keçirik. Bu dövr ip üstündə yeriməyə bənzəyir. Tarazlığı itirmək olmaz”.

Hazırda Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətləri mövcuddur. Bu müttəfiqlik elə bir səviyyəyə yüksəldilib ki, Azərbaycana qarşı hər hansı təhlükə Türkiyə tərəfindən özünə qarşı təhdid, Türkiyəyə qarşı təhlükə də Azərbaycana yönəlik təhdid olaraq, qəbul edilir. Şuşa Bəyannaməsi isə Azərbaycan-Türkiyə hərbi-siyasi İttifaqının hüquqi təsdiqidir.

Politoloq Elçin Xalidbəyli hesab edir ki, Azərbaycan-Türkiyə İttifaqı həm də bütün Türk dünyası üçün örnək təşkil edir. Müsahibimiz düşünür ki, digər Türk dövlətləri də Azərbaycan və Türkiyə ilə belə yüksək səviyyəli hərbi-siyasi müttəfiqlik, ittifaqa nail olmaq niyyətlərini qətiyyən gizlətmirlər. Və bu istiqamətdə artıq real addımlar da atılmaqdadır.

Elçin Xalidbəyli
“Belə hesab etmək olar ki, Azərbaycan-Türkiyə İttifaqı müəyyən mənada, Türk Dövlətləri Birliyinin birləşdirici nüvəsini təşkil edir. Hazırda Azərbaycan və Türkiyə Türk coğrafiyasının maliyyə-iqtisadi və enerji resursları potensialını da birləşdirilməsinə də cəhd göstərirlər. Əgər, belə bir mərkəzləşmiş tərəfdaşlıq qurularsa, yeni dünya düzənində Türk Dövlətləri Birliyi əsas beynəlxalq siyasi-iqtisadi iradə mərkəzinə də çevrilə bilər. ABŞ və Avropa Birliyindən verilən açıqlamalarda da vurğulanır ki, Qərb siyasi dairələri Azərbaycan və Türkmənistan enerji resurslarına böyük ümidlər bəsləyirlər”.

Həm ABŞ, həm də Avropa Birliyinin Azərbaycan və Türkmənistan enerji resurslarına dünya bazarında Rusiyadan boşalan yerin doldurulması baxımdan strateji qaynaq kimi yanaşdığını ifadə edən Elçin Xalidbəyli qeyd etdi ki, bu baxımdan, Azərbaycan və Türkmənistan enerji resursları yaxın gələcək, Avropa Birliyi dövlətləri üçün olduqca həyati əhəmiyyət daşıyır.

“Üstəlik, tezliklə bu sıraya Qazaxıstan enerji resursları da əlavə olunacaq. Bu isə o deməkdir ki, Türk Dövlətləri Birliyi hazırda ABŞ və Qərb, eləcə də Avropa məkanı üçün olduqca həyati əhəmiyyət daşıyır. Bu, Türk Dövlətləri Birliyi üçün tarixi şansdır və bu şansdan maksimum səviyyədə istifadə etmək lazımdır”.

Azərbaycan Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə görüşündə Birgə Bəyannamənin imzalanmasının üç dövlət arasında siyasi-iqtisadi və nəqliyyat imkanlarını möhkəmləndirəcəyini əminliklə vurğulayan Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov bildirdi ki, üçtərəfli əməkdaşlığın strateji müttəfiqlik səviyyəsinə qalxmaq üçün bütün imkanlar var.

Samir Hümbətov

“Bildirim ki, üç dövlət arasındakı bu görüşdə dörd istiqamət nəzərdə tutulmuşdur. Birinci istiqamət tərəflərin siyasi iradəsinin formalaşdıraraq yeni siyasi əlaqələrin inkişaf etdirilməsi məsələsi idi. Çünki bildiyimiz kimi Türkmənistan hələ də TDT-in tam hüquqi üzvü deyil. Burada hələki müşahidəçi statusunu qoruyub saxlayıb. Yaxın gələcəkdə Türkmənistanın tamhüquqlu üzvü olması məsələsi gündəmdədir. Bu, birinci məsələdir. İkinci bir məsələ ticarət, iqtisadi əlaqələrinin möhkəmləndirilməsi eyni zamanda nəqliyyat və kommunikasiyanın formalaşdırılmasıdır. Qeyd edim ki, üçtərəfli əməkdaşlıq Xəzər dənizinin dibi ilə "TransXəzər "qaz boru kəmərinin çəkilməsini hədəfləyir”.

Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin geniş tərkibdə görüşündə çıxışı zamanı deyib:

“Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq”.

Prezidentin bu fikirlərinə münasibət bildirən Samir Hümbətov qeyd etdi ki, Zəngəzur dəhlizi “Bir kəmər, bir yol layihəsi”nin və Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissələrindən biri hesab edilir.

“Üç dövlət arasında keçirilən bu görüşdə əsas etibarilə Şərq-Qərb nəqliyyat dəhlizi ilə bağlı fikirlərin formalaşdırılması və onun üzərində işlərin aparılmasını nəzərə alaraq, Zəngəzur dəhlizi məsələsində gündəm olduğunu və bunun əsas müzakirə mövzularından birinə çevrildiyini deyə bilərik.

Yaxın gələcəkdə hərbi təhlükəsizlik məsələsi də gündəm mövzulardan biri ola bilər. Çünki gələcəkdə Şərq-Qərb nəqliyyat dəhlizi üzərində hərbi təhlükəsizliyin maksimum təmin olunması lazımdır. Əlbəttə ki, burada Çin və Böyük Britaniya faktoru da var. Zəngəzur dəhlizinin açılmasında məhz bu amillər xüsusi rol oynayır. Çünki həm Böyük Britaniya, həm də Çin dəhlizin açılmasında Azərbaycan qədər maraqlıdır. Azərbaycanın Türkiyə və Türkmənistanla siyasi-iqtisadi və nəqliyyat əlaqələrini inkişaf etdirməsi, Zəngəzur dəhlizinin açılmasını özündə ehtiva edir. Avropa İttifaqı da məhz bu istiqamətdə siyasəti dəstəkləyir. Qeyd edim ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bu yaxınlarda ADA-da keçirilən konfransda çıxışı zamanı TANAP və TAP layihəsinin gücünün yəni həcminin artırılması ilə bağlı fikir səsləndirmişdi. Hesab edirəm ki, türkmən qazının bura daxil edilməsi ilə bu reallaşa bilər. Yəni hər biri konseptual olaraq qarşıda duran məsələlərdir. İndi bunların həlli istiqamətləri artıq növbəti mərhələlər üçün xarici işlər nazirlərinin və digər əlaqədar qurumların görüşlərində müzakirə olunub qəbul edilə bilər”.

Hazırladı: Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR