XİN başçısının müavini BMT BA Prezidenti ilə görüşüb

Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu Yorka səfəri çərçivəsində BMT Baş Assambleyasının 77-ci sessiyasının Prezidenti Ksaba Korosi ilə görüşüb.

Bu barədə Metbuat.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycanın BMT çərçivəsində fəaliyyəti, BMT-nin ixtisaslaşmış qurumları ilə əməkdaşlıq əlaqələri, gələcək fəaliyyət istiqamətləri və gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir müavini BA Prezidentinə bölgədə son vəziyyət, o cümlədən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, mina təhdidləri, habelə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verib. O, Ermənistanın təxribatlarına baxmayaraq, bölgədə sülh və sabitliyin təmin edilməsi üçün bütün vacib istiqamətlər üzrə Azərbaycanın səylərini davam etdirəcəyini bildirib.

BMT Baş Assambleyasının Prezidenti Ksaba Korosi Azərbaycanın BMT-nin ən fəal üzv ölkələrindən biri olduğunu qeyd edib. Ksaba Korosi, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurla icrasını təqdir edib. O, Azərbaycanın COVID-19 pandemiyasına qarşı irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüsləri yüksək qiymətləndirdiyini bildirib.

Tərəflər həmçinin BMT gündəliyində duran qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR