Bundan 15-20 il öncə rəsmi əhəmiyyətli sənədi toplamaq üçün günlərlə məmurların qapısında gözləməli olurduq. Xatırlayıram, atam sənədləşmə işlərində hər zaman diqqətli olduğu üçün hansısa alqı-satqı və ya sosial müavinət ilə bağlı sənədlərin toplanması zamanı günlərlə idarələrə gedib gəlir, hər dəfəsində də süründürməçiliyə görə narazılıq edirdi.
Bəlkə də çoxları o zaman düşünməzdi ki, Azərbaycanda elə bir mərkəz açılacaq ki, vətəndaşlara operativ xidmət göstərməklə bərabər, həm də onların rahatlığını təmin edəcək sevimli bir ünvana çevriləcəkdir.
Vətəndaşlara “ASAN” xidmət...
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılıb.
Elə fəaliyyətə başladığı gündən vətəndaşlara çevik xidmət göstərməklə bərabər onların illərdən bəri ağlında qalan “məmur”, “süründürməçilik”, “get, günortadan sonra hazır olacaq”, “bu gün yox, sabah qol çəkərik” tipli xoş olmayan sözləri də bir silgidə itirdi. Müasir zamanda insanların ən çox yaşadığı vaxt çatışmazlığı ilə bağlı problemləri də “ASAN xidmət” nəzərə alaraq, özündə bir deyil, onlarla xidmətə əlçatanlıq imkanı yaratdı. Artıq övladı dünyaya gələn valideyn, təqaüdə çıxmaq istəyən yaşlı nəslin nümayəndəsi və yaxud yeni evinə çıxarış almaq istəyən sakin sənəd toplamaq üçün ayrı-ayrı idarələri gəzib vaxt itirmir. Bir ünvanda bütün sənədlər toplanaraq qısa müddət ərzində vətəndaşların ixtiyarına verilir. 10 ildən çoxdur ki, Azərbaycan vətəndaşları belə unikal xidmətdən yararlanırlar. “ASAN xidmət” mərkəzlərində vətəndaşların əlavə xərclərinin və vaxt itkisinisinin qarşısını almaqla onlara peşəkar səviyyədə xidmət göstərilir. Nəticədə şəffaflıq artırılır, korrupsiya qarşı mübarizə gücləndirilir.
Bu gün “ASAN xidmət” mərkəzlərində – vahid məkanda müxtəlif dövlət qurumları, həmçinin özəl şirkətlər tərəfindən ümumilikdə 360-dan çox xidmət göstərilir. Fəaliyyəti dövründə “ASAN xidmət” 60 milyona yaxın müraciət üzrə dövlət xidmətləri göstərilməsini təmin edilib. Vətəndaşların elektron xidmətlərdən daha geniş istifadə olunmasına şərait yaradan “ASAN xidmət” mərkəzlərinə bu günə kimi 60 milyondan çox müraciət daxil olub.
Vətən müharibəsi iştirakçılarına qayğı…
“ASAN xidmət” mərkəzlərində ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananlar və şəhid ailələrinin üzvlərinə xüsusi qayğı göstərilir. Müvafiq kateqoriyadan olan şəxslər xidmətlərdən növbə gözləmədən yararlana bilirlər. Məqsəd canı-qanı bahasına bizə Qələbəni yaşadanlara xüsusi qayğının təmin edilməsi, onların daim xalqımızın diqqət mərkəzində olduqlarını göstərməkdir. 6 saylı Bakı “ASAN xidmət”in əməkdaşları isə Vətən müharibəsi qazisi, şəhid və qazi ailələrinin üzvlərindən ibarətdir.
Bir gün “ASAN”da…
Bir neçə ay öncə övladımın şəxsiyyət vəsiqəsini almaq üçün 3 saylı “ASAN xidmət” mərkəzinə getdik. Sıxlıq olduğu üçün növbəmiz çatana qədər Mərkəzi gəzməyə başladıq. Deyirlər ki, jurnalistin müşahidə qabiliyyəti yaxşı olmalıdır. Olduğum dövlət idarələrində hər zaman məmur-vətəndaş münasibətləri, iş şəraiti, rahatlıq və yaradılan şərait diqqətimi çəkən əsas məqamlardandır. Bir neçə saat ərzində o qədər isti iş mühitinin şahidi oldum ki, bir anlıq “ASAN xidmət” əməkdaşlarına yaxşı anlamda qısqanclıq hiss etdim. Vətəndaşlara münasibətdə hörmət və diqqəti ön planda qoruyub saxlayan əməkdaşların iş görərkən xidmət səviyyəsi də yüksəkdir. Mərkəzdə yeni evlənəcək gənclər üçün nikah otağı, anaları nəzərə alaraq kiçik ana və uşaq otağı, balacalar üçün oyun meydançası, kafe və hətta qidalanmaq üçün yeməkxana da var.Gözləmə müddətində “ASAN xidmət” əməkdaşları üçün nəzərdə tutulan yeməkxanada da qidalanmaq imkanı oldu. Demək olar ki, bir günün çox hissəsini Mərkəzdə keçirsəm də, yorğunluğu hiss etmirdim. Maraqlı onlarla bəlkə də yüzlərlə sima görüb onlara göstərilən xidmətin müddətinə qədər maraqlanırdım. İnsanların narazı olduğu bir hal belə müşahidə etmədim. ABAD-ın maraqlı dekorda olan kafesi isə xüsusilə diqqətimi çəkdi. Sanki başqa bir məkanda çay içib dincəlmiş kimi hiss edirdim. Hətta vaxtdan istifadə edib uzun müddətdir təxirə saldığım başqa sənədləşmə işlərini də həll edə bilmişdim. Bir sözlə həmin gün həyatımda hər şey ASAN keçdi…
Hər yer “ASAN xidmət” kimi olsa…
Deyirlər ki, insan rahatlığı sevdiyi məkana hər zaman üz tutmaq üçün bəhanə axtarır. “ASAN xidmət”ə getmək üçün bəhanəyə gərək yoxdur. Dostlarımız hər zaman bizi qarşılayıb, köməklik göstərməkdən məmnun olurlar. Amma hələ də qapısında günlərlə insanların növbəsindən zövq alan idarələr, mərkəzlər hətta nazirliklər var. Belə olan halda yəqin ki, çoxlarımız “buranı da “ASAN xidmət”ə versəydilər, yaxşı olardı” deyə düşünübdür. Hansısa rəsmi məsələlərdə bir-birimizlə söhbət edən zaman dəqiqləşdirmək üçün “Asan xidmət”dən soruşaq, onlar bilərlər” deyirik. Çünki ölkə olaraq biz hər yeri “ASAN xidmət” görürük. Məsələn, şəxsən bankların ASAN xidmət” mərkəzlərinin olmasını çox istərdim. Doğrudur, absurd görünə bilər, amma heç birimizin vaxtı uzun növbələrdə yuxulayacaq qədər dəyərsiz deyil. Bunu da qeyd edim ki, “ASAN xidmət”də bəyəndiyim, yüksək qiymətləndirdiyim məqamlardan biri də, qapıdan içəri daxil olduğumuz zaman bizi salamlayıb, işimizi tamamladığımızda gülərüz yola salan gənc könüllülərimizin davranışıdır. Düzdür, bu onların işidir, amma bir gülümsəmənin həyatımızda nə qədər önəmli olduğu da danılmazdır. Hesab edirəm ki, “ASAN xidmət” bu incəliyi düşünməklə vətəndaşlara həm qonaqpərvərlik ənənəmizi xatırladır, həm də pozitiv əhval-ruhiyyə aşılamaqla günümüzün xoş keçməsinə çalışır.
Metbuat.az kollektivi dostlarımızı 10 yaşları münasibəti ilə təbrik edir, onlara uğurlar arzu edirik.
Biz sizin xidmətdən razı qaldıq.
Gülbəniz Hüseynli / METBUAT.AZ