21 yaşlı azərbaycanlı qızın dəhşətli əməlləri -

Bakıda müxtəlif qadınlara qarşı falçılıq adı ilə dələduzluq edən qadının məhkəmə prosesi başa çatıb.

Metbuat.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına Vəfa Qulamova (şərti) çıxarılıb.

Məlum olub ki, 21 yaşlı Vəfa instaqramda səhifə açaraq özünü falçı kimi təqdim edib. O, bu məqsədlə bir neçə qadına qarşı dələduzluq edib.

Qadınların “falçı”ya müraciət etməsinin əsəs səbəbi həyat yoldaşları ilə bağlı olub.

Məsələn, qadınlardan biri həyat yoldaşı ilə küskünlüyü aradan qaldırmaq üçün Vəfaya 970 manat ödəniş edib. Vəfa bu məbləğin qarşılığında qadına rəngli şamlar göndərərək onu gecə saat 00:00-da yandırmasını və ona təqdim etdiyi duaları oxumasını istəyib. Lakin bu vasitələrin heç biri qadının əri ilə arasında olan küskünlüyün bitməsinə səbəb olmayıb və o, Vəfa tərəfindən aldadıldığını başa düşüb.

Vəfa eyni üsulla başqa bir qadına rəngli şamları hətta 1700 manata satıb.

Başqa bir qadın isə Vəfaya fala baxmaq üçün müraciət edib. 21 yaşlı qız fala baxan zaman qadına ailə, şəxsi və iş həyatında böyük problemlərlə
üzləşəcəyini, oğlunun öləcəyini, cadu olunduğunu, üstündə ağırlıq qaldığını bildirib.

Vəfa həmçinin ona 500 manat pul verməsə, bütün bunların baş verəcəyini və ona heç bir köməklik edə bilməyəcəyini bildirib. O, Vəfadan ona necə köməklik edə biləcəyini soruşduqda isə, “falçı” ona şamlar alıb “magiya” ilə rituallar keçirib özündə olan xüsusi enerji ilə şər qüvvələri ondan uzaqlaşdıracağını deyib.

Qadın 500 manatı taparaq Vəfaya göndərib. Bundan bir gün sonra verdiyi pulla ona köməklik edə biləcəyini, lakin oğlunu ölümdən qurtara bilməyəcəyini deyib. Vəfa ona oğlunun ölümünə 1 ay vaxt qaldığını və tez vaxtda onu şər qüvvələrdən qorumalı olduğunu bildirib. Bu məqsədlə “falçı” qadından daha 700 manat alıb və sonradan telefonlara cavab verməyib.

Dələduzluğa məruz qalanlar çox keçmədən aldadıldıqlarını başa düşərək hüquq-mühafizə orqanlarına müraciət ediblər. Hakim qərar qəbul edərkən zərərçəkmişlərdən ikisinə dəymiş ziyanın ödənilməsini, eyni zamanda Vəfanın cavanlığını nəzərə alıb. Qərara əsasən, o, 2 il 8 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR