Bakıda insan seli - FOTO

Bakıda insan seli - FOTO
13:22 19 Yanvar 2015
117 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan xalqı sabah 20 Yanvar faciəsinin 25-ci ildönümünü anacaq. Anspress-in məlumatına görə, faciənin qurbanlarının və şəhidlərin uyuduğu Şəhidlər xiyabanına ötən həftədən başlayan axın bu gün daha da çoxalıb.

Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə tutulan divanın üstündən düz 25 il keçir. Sanki xalq bu qara tarixi unutmamaq üçün Qanlı Yanvarın şahidlərinin ruhları ilə söhbətləşməyə, məzar daşları ilə görüşməyə tələsir. Ata-anasını, oğlunu-qızını, qardaş-bacısını, həyat yoldaşını itirənlər təsəlli tapmaq üçün bir daha bura gələcək.

Lakin insanların çoxu, əsasən də məktəblilər sabahı gözləmirlər. Çünki sabah bu məzarlıqda iynə atsan, yerə düşməyəcək. Sabah dövlət nümayəndələri, nazirliklər, dövlət və özəl qurumlar faciənin qurbanlarının ziyarətinə gələcəklər. Bir sözlə, Şəhidlər xiyabanı insan seli ilə üzləşəcək hər il olduğu kimi. Biz 24 ildir bunun şahidi oluruq.

Bəli, düz 25 ildir millət müstəqillik uğrunda canını fəda etmişləri yad etmək üçün Şəhidlər xiyabanına axışır. Şəhidlər xiyabanı bu il ziyarətçilərini ağ və qırmızı qərənfillərdən hazırlanmış kompozisiyalarla qarşılayacaq.

Yanvarın 20-də Bakı polisi gücləndirilmiş iş rejimində çalışacaq. Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) verilən məlumata görə, 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar xüsusi tədbirlər planı hazırlanıb. Plana əsasən, yanvarın 20-si səhər saat 07:00-dan axşam saat 18:00-dək Şəhidlər xiyabanı istiqamətində Parlament prospekti boyu və Mehdi Hüseyn küçəsində Teleteatrdan başlayaraq yollar bağlanacaq. Bu yollarda nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.

Şəhidlər xiyabanına gələn ziyarətçilərin təhlükəsizliyi təmin etmək məqsədilə yanvarın 20-si saat 07:00-dan mərasim başa çatanadək Mikayıl Müşviq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşviq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsində Teleteatr binasının qarşısından, Milli Məclisin inzibati binasının arxa hissəsində İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. BŞDYPİ sürücüləri həmin gün şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə və alternativ yollara üstünlük verməyə çağırıb.

Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun Azərbaycanda həyata keçirdiyi qətliam. 1990-cı ilin 20 yanvarında Qarabağa qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən öz qəti etirazını bildirmək üçün xalq Bakının küçələrinə və meydanlarına çıxıb. Sovet imperiyasının başında duran Qorbaçov sovet ordusunun döyüş hissələrini xalqın üzərinə yeridir. Millət tankların altında əzilir, gülləbaran edilir.

1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara hərflərlə yazılır.

Rəsmi məlumatlara görə, faciə zamanı 137 adam vəfat edib. Prezidentin sərəncamı ilə bu qədər adama “20 Yanvar şəhidi” fəxri adı verilib. Mən də şübhə etmirəm ki, 20 Yanvarda qırılanların real sayı 137 deyil. Bildiyiniz kimi, o vaxt Salyan kazarmasında müxtəlif millətlərdən olan əsgərlər var idi. Qoşunlar Bakıya yeriyəndə qətliama Salyan kazarmasındakı heyəti də cəlb etmək istəyib, amma buna nail olmayanda atışma olub. Bəzi məlumatlara görə, bu atışmada təxminən 200-ə qədər hərbçi ölüb. Onları selofan kisələrə qoyub, gecə tankların müşayiəti ilə Bakı limanına gətiriblər. Limanda onları görənlər də olub. Bu proses lentə də çəkilib, şəkilləri var. Xırda gəmilər mane olmağa çalışsalar da, onları yarıb meyitləri apara biliblər. Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin 80 qurbanı və şəhidi dəfn edilib.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319804.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR