Seymur Talıbov vitse-prezident vəzifəsindən istefa verməyib -

Xəbər verdiyimiz kimi, dekabrın 21-də Azərbaycan Şahmat Federasiyasında 2022-ci ilin yekunlarına həsr olunan görüş keçirilib.

Tədbirdə AŞF-in prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov, birinci vitse-prezident Faiq Həsənov, İcraiyyə Komitəsinin üzvləri Sərxan Həşimov, Cahangir Ağarəhimov, baş katib İlahə Qədimova iştirak ediblər. Görüşdə 2022-ci ildə əldə olunan uğurlardan danışılıb. Tədbirin sonunda rapid və blits üzrə Azərbaycan çempionatının qaliblərinə medal və diplomlar təqdim olunub.

Metbuat.az xəbər verir ki, AŞF-nin vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının rəhbəri Seymur Talıbov tədbirdə iştirak etməyib. Yerli mediada yayılan məlumata görə, Seymur Talıbov federasiyada tutduğu vəzifədən istefa verib.

Məsələni dəqiqləşdirmək üçün Federasiyaya sorğu göndərdik. Metbuat.az-a bildirildi ki, bu barədə yayılan iddialar doğru deyil:

"İlin yekunları dair həsr edilən tədbirdə hər hansı qərar qəbul edilmir, ancaq təltiflər həyata keçirilir. Ona görə də vaxtı olan şəxslər tədbirdə iştirak edir. Ancaq İcraiyyə Komitəsində iştirak isə mütləq olur. Yayılan iddialar doğru deyil", - deyə bildirilib.

Qeyd edək ki, Seymur Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun kiçik oğludur.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR