Ərdoğan Suriya və İraqda quru əməliyyatlarına başlayacaq -

“Türkiyənin Suriya və İraqda quru əməliyyatlarına başlaması Rusiyanın maraqlarına uyğun deyil. Əksinə, Moskva bundan narahatdır”.

Bu fikirləri Metbuat.az-a siyasi şərhçi Kənan Novruzov Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akarın bir gün əvvəl Moskvada rusiyalı həmkarı Sergey Şoyqu və suriyalı həmkarı Əli Abdullah Əyyubla müzakirəsi zamanı Suriyadakı durum barədə fikirlərini şərh edən zaman deyib. Analitikin fikrincə ehtimal edilən quru əməliyyatları Rusiyanın ərazidəki mövqelərinə zərbə ola bilər. Türkiyənin əsas narahatlığı isə terror təhlükəsi ilə bağlıdır.

“Terrorçular ya Rusiya və Suriyanın birgə səyləri ilə regiondan çıxarılmalı, ya da Türkiyə quru əməliyyatlarına başlamalıdır. Əslində indiki məqamda Moskva Ankaranın maraqlarını görməzdən gələ bilməz. Birincisi ona görə ki, Ukrayna ilə davam edən müharibədə Türkiyə neyral mövqe sərgiləyən, Rusiyaya təzyiq göstərməyən, sanksiayalara qoşulmayan nadir Avropa, yeganə NATO dövlətidir. İkincisi, tərəflərin mövqeləri bir sıra regionlarda, o cümlədən Cənubi Qafqazda da toqquşur”.

K.Novruzov düşünür ki, əgər Moskva Ankaranın təhlükəsizliklə bağlı qayğılarına nəzərə almasa, bu, gələcəkdə ikitərəfli münasibətlərə zərbə vura bilər.

“Əlbəttə, ehtimal olunan quru əməliyyatını Suriya özü də istəmir. Sözsüz ki, quru əməliyyatları hava əməliyyatlarından daha ciddi nəticələrə səbəb olacaq. Mehmetçik isə çoxdan özünü təsdiqləyib... Buna baxmayaraq, terrorçuların tamamilə Suriya və İraqdan çıxması da ağlabatan görünmür. Çünki məsələ daha dərindir: müxtəlif Qərb dövlətləri, o cümlədən ABŞ həmin terrroçular vasitəsilə Türkiyəyə təzyiq göstərməyə çalışırlar. Zaman-zaman Suriyadan keçmək istəyən, hətta qardaş ölkədə partlayış törədən terrorçuların Qərbdən idarə olunması təsdiqlənib. Bu mənada anti-terror əməliyyatı keçirilmədən Suriya və İraqın terrorçulardan “təmizlənəcəyi” ağlabatan deyil. Qarşıdakı günlərdə tərəflər arasında telefon əlaqələri baş tuta bilər. Amma, çox güman ki, 2023-cü ilin ilk həftələrində Türkiyə Suriya və İraqda yeni əməliyyata başlayacaq”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR