Rusiyanı gözləyən "qara günlər":

"Rusiyanın Ukraynaya qarşı müharibədə qısa müddətdə planlaşdırdığı nəticəni əldə edə bilməməsi və hərbi əməliyyatların uzanması Moskva üçün ciddi reputasiya riskləri yaradıb. Üstəlik, payız aylarında Rusiya ordusunun cəbhədə təşəbbüsü əldən verməsi və 24 fevraldan sonra işğal etdiyi ərazilərin yarısını itirməsi dünyada belə bir rəyin möhkəmlənməsinə səbəb olub".

Metbuat.az-ın məlumatına görə, bu fikirlər siyasi şərhçi Şahin Cəfərliyə məxsusdur. Analitik hesab edir ki, Rusiyanın bu müharibədə uğursuzluqla üzləşməsi onun postsovet məkanında və ümumilikdə qlobal miqyasda nüfuzunu sarsıdacaq.

Şahin Cəfərli

"Ukraynada baş verənlər bütün dünyada yaxından izlənilir, amma keçmiş sovet coğrafiyasında daha böyük diqqət var, çünki hərb meydanındakı yekun nəticə onların taleyinə, qərarlarına, seçimlərinə birbaşa təsir göstərəcək, bu ölkələrin gələcəyini müəyyənləşdirəcək. Rusiya-Ukrayna münasibətləri baxımından bu müharibənin yalnız iki nəticəsi ola bilərdi: ya Rusiya Ukraynanı nəzarətə götürərək onu öz təsir sferasına qaytarır (Putinin niyyəti məhz bu idi), ya da Ukraynanı tamamilə itirir. 10-cu ayı geridə qoyan hərbi əməliyyatlar Moskvanın planlaşdırdığı kimi getmir və necə yekunlaşacağı hələ aydın olmasa da, Ukraynanın öz müstəqilliyini və suverenliyini qoruyaraq belaruslaşma perspektivindən qaça bildiyini söyləmək mümkündür. Bunun nəticəsi olaraq Rusiya Ukraynadakı nüfuzunu və təsir alətlərini itirmiş görünür. 2014-cü ildə Rusiya tərəfindən Krımın ilhaqına və Donbas bölgəsinin bir qisminin işğalına baxmayaraq, Ukrayna siyasi, biznes elitaları içərisində və sosiumunda Rusiyanın ağırlığı, təsir gücü qalırdı".

Şahin Cəfərli bildirdi ki, Ukrayna hökuməti 24 fevral 2022-ci ildə başlayan işğalçı müharibənin ilk şokundan sürətlə çıxaraq ciddi silahlı müqavimət təşkil etməyi bacardıqdan sonra daxildə Rusiyanın yumşaq gücünün qırılması istiqamətində addımlar atmağa başlayıb.

"Ali Radanın ən böyük fraksiyalarından olan Müxalifətçi Platforma-Həyat Uğrunda Partiyası başda olmaqla 12 rusiyayönümlü siyasi partiyanın fəaliyyəti qadağan edilib. Bütün ölkə boyu derusifikasiya tədbirlərinə – Rusiya tarixi və mədəniyyəti ilə əlaqəli küçə adlarının, toponimlərin kütləvi dəyişdirilməsinə, abidələrin sökülməsinə başlanıb. Moskva Patriarxlığına bağlı Ukrayna Pravoslav Kilsəsinin fəaliyyətinin qadağan olunmasına hazırlıq görülür. Putin Ruslar və ukraynalıların tarixi birliyi haqqında 12 iyul 2021-ci il tarixində qələmə aldığı, Ukraynaya qarşı bir neçə ay sonrakı qəsbkarlığın ideoloji əsaslandırması mahiyyətindəki geniş məqaləsində iddia edirdi ki, Qərb Ukraynada anti-Rusiya layihəsi həyata keçirir və onu Rusiyaya qarşı platsdarma çevirir. Lakin Ukraynanı məhz Putinin özünün siyasəti anti-Rusiya layihəsinə çevirib və sülh əldə olunsa belə, iki ölkə arasında münasibətlərin heç vaxt əvvəlki vəziyyətə qayıtmayacağı aydındır".

Ekspert qeyd etdi ki, Rusiyanın regional və qlobal səviyyədə nüfuzu 23 fevral 2022-ci ildəki qədər deyil, onun gerisindədir. Suverenliyi xeyli məhdudlaşmış Belarus istisna olmaqla, Rusiyanın KTMT üzrə müttəfiqləri, Avrasiya İqtisadi İttifaqı üzrə ortaqları Qərbin Rusiyaya qarşı sanksiyalarını pozmamağa və bu məhdudiyyətlərə uyğunlaşmağa çalışırlar.

"2023-cü ildə Rusiyanın Ukrayna cəbhəsində məğlub olması, hətta Krımı itirməsi ehtimalı da imkansız görünmür, bu halda, ümumiyyətlə, qlobal geosiyasətdə Rusiya adlı böyük oyunçudan danışmaq mümkün olmayacaq",- deyə Şahin Cəfərli fikrini yekunlaşdırıb.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR