Laçın-Xankəndi yolunda etirazlar nə qədər davam edə bilər?

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq Xankəndi-Laçın yolunda davam edən aksiya birinci ayına yaxınlaşır.

Ötən bu müddəti dəyərləndirən politoloq Elxan Şahinoğlu deyir ki, Ermənistan hakimiyyəti, erməni separatçıları və dünyadakı erməni lobbisi var gücləriylə müxtəlif dövlət və beynəlxalq təşkilatların yoldakı aksiyaya görə Azərbaycana təzyiq etməsinə çalışsalar da, “yol bağlıdır”, “xəstələrimiz dərmansız qalıb”, “Qarabağ erməniləri acdırlar” kimi dezinformasiyalar yaysalar da, nəticə hasil etmədilər. Politoloq xatırlatdı ki, Fransanın siyasi dairələrinin Azərbaycan əleyhinə çalışmaları da nəticə vermədi.

"Aksiyanın əsas hədəfi işğal altındakı qızıl və mis yataqlarında monitorinqə imkan yaradılmasıdır. Buna nail olunmayıb. Belə olan halda “aksiya hələ nə qədər davam edəcək” sualı aktuallaşıb. Bu sualın bir neçə cavab variantı var: Birinci variant budur ki, Qarabağdakı erməni separatçıları məcburiyyət qarşısında qızıl və mis yataqlarında azərbaycanlı məmurların monitorinqinə imkan yaradırlar. Bu halda azərbaycanlı məmurlar yataqlarda monitorinq aparır və yoldakı etiraz dayandırılır. Ancaq monitorinqlə məsələ bitməyəcək, dövlətin yataqları və əldə edilən gəlirin nəzarət altına alması mövzusu aktuallaşacaq. İkinci variant isə odur ki, Qarabağdakı erməni separatçıları azərbaycanlı məmurların monotirinqinə icazə vermirlər və etiraz qeyri-müəyyən müddətə qədər davam edir".

Elxan Şahinoğlu qeyd etdi ki, Azərbaycanın məqsədi yalnız yataqların monitorinqi deyil. Digər məqsəd Ermənistanla Qarabağı birləşdirən yolu nəzarətə götürməkdir.

"Bir müddətdən sonra ekoloqların etirazına fasilə verilsə belə fəalların əvəzinə yolun həmin hissəsində Azərbaycan hərbçiləri post qururlar və Qarabağa daxil olan və çıxan nəqliyyat vasitələrini yoxlamağa başlayırlar. Bu 2020-ci ilin 9 noyabr bəyanatına zidd deyil, yol bağlanmır, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində nəzarətə götürülür".

Məlumat üçün bildirək ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko-fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Etirazçıların əsas tələbləri RSK komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin monitorinq aparması üçün lazımi şərait yaradılması, Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulmasıdır.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR