"Qarlı-buzlu yollarda təhlükəsiz hərəkət çox önəmlidir. Az qala hamı – dövlət qurumları da, ayrı-ayrı şəxslər də bununla bağlı sürücülərə tövsiyələr verirlər. Amma ötən illərin təcrübəsi göstərir ki, qarlı-buzlu yollarda ən çox əziyyət çəkən, ən çox travma alan piyada hərəkət edənlərdir".
Metbuat.az-ın məlumatına görə, bunu nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib. O, piyadaları qarlı-buzlu yollarda aşağıdakı məsləhətlərə əməl etməyə çağırıb:
"Piyada hərəkət edənlər bu məsləhətlərimi nəzərə alsalar, yaxşı olar:
1) Səkilər bəzən yolun hərəkət hissəsindən tez donur (avtomobillərin hərəkəti yolun donmasını bir az ləngidə bilər), ona görə də buzlu səkilərlə hərəkət etməyə hazır olmalısınız;
2) Xeyli küçələrimizin səkilərində sürüşkən döşəmə materiallarından (mərmərdən, bəzəkli daşlardan və s.) istifadə edilib. Belə yerlərdə çox ehtiaytlı olun, çünki buz olmasa da, yerdə azca qar olması çox ciddi sürüşmə effekti yaradır;
3) Piyada keçidlərini və ümumiyyətlə, yolun hərəkət hissəsini çox ehtiyatla keçin, çünki avtomobillər həmişəki kimi tormozlanmır. Çalışın yolun hərəkət hissəsində olmayasınız. Ən xəfif sürətlə və kifayət qədər aralıda olan avtomobil də təhlükəli ola bilər;
4) Altı sürüşməyən ayaqqabılardan istifadə etməyə çalışın;
5) Xüsusi zərurət yoxdursa, yollara çıxmayın. Xüsusən yaşlı insanların küçələrə çıxmamasına çalışın”.
Ə.Hüseynovun sözlərinə görə, əvvəlki illərin statistikası göstərir ki, qarlı-buzlu küçələrimizdə piyada hərəkət edərkən yıxılaraq ciddi travma (xüsusən qol-qıça sınıqları) alan insanların sayı yol-nəqliyyat hadisələrində travma alanların sayından bəzən 5 dəfə çox olur.
O həmçinin sürücülərə də tövsiyələr verib: "Belə şəraitdə avtomobildən istifadə etməmək imkanınız varsa, yola çıxmayın. Hər bir halda təhlükə adi günlərlə müqayisədə qat-qat yüksəkdir. Maddi ziyana düşmək, xəsarət almaq ehtimalı böyükdür. Unutmayın ki, indiki şəraitdə təhlükəsizlik hər kəsin özündən çox, ətrafdakıların davranışından asılıdır. Avtomobilinizdə qış üçün, qar-buz üçün təkər yoxdursa, onu tərpətməyin. Hətta qar-buz üçün olan təkər də sürüşür, bunu da unutmayın. Ən başlıcası, qarda-buzda sürmə təcrübəniz, özü də real təcrübəniz yoxdursa, avtomobillə yola çıxmayın. Unutmayın, ən mükəmməl təchizatı olan avtomobil də uyğun təcrübəsi olmayan sürücünün əlində heç nəyə yaramaya bilər. Nəzərə alın ki, ən tez donan və buzu gec açılan yerlər körpülərin üstü və külək döyən yerlərdir. Həmin yerlərdə çox diqqətli olun. Piyadalara qarşı həmişəkindən daha diqqətli olun, çüki onlar da rahat hərəkət edə bilmirlər, hətta hərəkət hissəsində, piyada keçidində anidən yıxıla bilərlər".