İlham Əliyev ölkə üzrə keçirilən yarışları çox yüksək qiymətləndirdi

"Son bir neçə il ərzində bütün ölkə üzrə müxtəlif yarışlar keçirilmişdir, mən bunu çox yüksək qiymətləndirirəm".

Metbuat.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə deyib.

"Gənclər və idman naziri qarşısında qoyulan vəzifələrdən biri də məhz bu idi ki, bölgələrdə idman canlansın və bir çox yarışlar keçirilsin. Bu siyasət həm idman uğurlarımızı şərtləndirəcək, eyni zamanda, gənclər, yeniyetmələr, uşaqlar gənc, uşaqlıq yaşlarından idmana cəlb ediləcək və bunun onların tərbiyəsi üçün çox böyük əhəmiyyəti var. Çünki idman həm fiziki gücdür, həm də özündə fiziki güc hiss edən hər bir insan adətən mənəvi cəhətdən də sağlam olur. Bizim görkəmli idmançılarımızın uğurları və nümunəsi bütün gənc idmançılar üçün örnək olmalıdır. Çünki bizim idmançılarımız həyatda, cəmiyyətdə, məişətdə də özlərini ləyaqətlə aparırlar və idman arenalarında qazanılmış uğurları adi həyatda da öz hərəkətləri ilə təsdiqləyirlər. Beləliklə, gənclərdə, uşaqlarda idmanla məşğul olmaq, görkəmli idmançılara oxşamaq həvəsi daha da böyük olur. Əlbəttə ki, idmana dövlət dəstəyi - bunun da xüsusi əhəmiyyəti var. Biz bunu Azərbaycanın timsalında görmüşük ki, idmana, idmançılara diqqət olan yerdə, qayğı olan yerdə, hörmət olan yerdə, əlbəttə, nəticələr də olacaq.

İdman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir. Bəzi ölkələrdə bu, prioritet sayılır, Azərbaycandakı kimi. Bəzi ölkələrdə sayılmır. Amma mən hesab edirəm ki, biz düzgün yoldayıq. Çünki həm ölkəmizin şöhrəti, eyni zamanda, sağlam həyat tərzinin təbliğ edilməsi - bu amillər hər bir ölkə üçün önəmli olmalıdır", - dövlət başçısı bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR