​“Can Azərbaycan imdada yetişən ilk ölkə oldu” -

“Qəhrəmanmaraşda baş verən zəlzələ Türkiyənin zəlzələ tarixində 80-90 il əvvəl baş vermiş güclü zəlzələlərdən sonra ən şiddətlisi olub”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında ehtiyatda olan türkiyəli general Yücel Karauz deyib. General ifadə etdi ki, hazırda hava şəraitinin soyuq olması, zəlzələnin vurduğu zərərin miqyasının genişliyi də nəzərə alınarsa, itki sayı çox ola bilər.

Bir çox dövlətlərdən, xüsusən də ilk yardım və mənəvi dəstəyin Azərbaycandan olduğunu qeyd edən Yücel Karauz bildirdi ki, Azərbaycan xalqı Türkiyə xalqının acısını özünkü kimi hiss edib, onlarla birlikdə mübarizəsinə dəstək oldu.

“Zəlzələ baş verəndən sonra Azərbaycan Prezidenti İlham Əliyev Prezident Ərdoğan ilə telefon əlaqəsi yaradaraq lazım olan hər yardımın və dəstəyin ediləcəyini ifadə edib. Mən təbii fəlakətdən sonra dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirəm. Bu fəlakət nəticəsində yaralananlara isə tez sağalmaqlarını arzu edirəm”.

Məlumat üçün bildirək ki, fevralın altısında Prezident İlham Əliyevin verdiyi tapşırığa əsasən, zəlzələnin fəsadlarının aradan qaldırılmasına köməklik göstərmək üçün Fövqəladə Hallar Nazirliyinin 379 nəfərdən ibarət xilasetmə qüvvələri Türkiyəyə yollanıb. Bu gün isə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti təyyarə qardaş ölkəyə yola salınıb. Təyyarələrdən biri ilə FHN-in hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı göndərilib. Hospital 4 funksional bölmədən – qəbul-çeşidləmə, laboratoriya, cərrahiyyə və intensiv terapiya bölməsindən, 3 köməkçi konteynerdən və 3 hava ilə doldurulan moduldan ibarət olmaqla ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün müvafiq şəraitlə təmin olunub. Mobil səhra hospitalında FHN-in peşəkar tibbi heyəti xidmət aparacaq. Hospital lazımi bütün dərman və preparatlarla təchiz olunub.İkinci təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar və digər avadanlıqlar yola salınmasına hazırlıq işləri gedir.

Gülbəniz Hüseynli / Metbuat.az

Həmçinin oxuya bilərsiniz:

https://metbuat.az/news/1460250/dehsetli-zelzeleden-sonra-turkiyeye-kim-komek-edir.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR