Türkiyədə nə baş verir:

“Bəzi siyasətçilər həqiqətən də Türkiyədə baş verən təbii fəlakətdən öz siyasi məqsədləri üçün istifadə etməyə cəhd göstərirlər. Zəlzələdə çox sayda binanın çökməsinə görə Türkiyə hökumətini günahlandırmağa çalışanlar mövcuddur”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Müsahibimiz hesab edir ki, böyük ehtimalla bu təbii fəlakətdən yaxınlaşan seçkilərdə hökumətə qarşı ittihamlar məqsədilə istifadə etməyə çalışacaqlar.

Elçin Xalidbəyli

“Nəzərə almaq lazımdır ki, eyni bölgədə iki ardıcıl böyük zəlzələ baş verib. Son 500 ildə ilk dəfədir ki, belə hadisə baş verib. Xilasetmə prosesi qarşısında da ciddi problemlər var. Yollar həm dağılıb, həm də buz bağlayıb. Təbii fəlakət zonasına xilasedicilərin göndərilməsi çətinləşib. Əlbəttə, dağıntıların belə çox olması ilə bağlı daha sonra araşdırma aparılaraq, ümumi vəziyyət dəqiqləşdiriləcək. Ancaq hazırda əsas hədəf və vəzifə təbii fəlakət ucbatından həyatı təhlükədə olan insanların xilas edilməsidir. Digər önəmli məqamlar isə yəqin ki, daha sonra aydınlaşacaq”.

Bəzi siyasətçilərin Türkiyə hökumətini ittiham etmək üçün fürsəti əldən buraxmaq istəmədiyini qeyd edən Elçin Xalidbəyli bildirdi ki, İtaliya mütəxəssisləri bəyan ediblər ki, bu dəhşətli zəlzələ ucbatından Türkiyə üç metr hərəkət edərək yerini dəyişib.

“Bu da təbii fəlakətin nə qədər böyük olduğunu göstərir. Ancaq Türkiyədə bəzi müxtəlif siyasətçilər hələ də olduqları yerdədirlər, insanlığa doğru hərəkət edə bilməyiblər. Və bu, təəssüf doğurur”.

Siyasi şərhçi Rusif Məmmədsoy isə məlum hadisələrdən sonra Türkiyədə seçkilərin təxirə salına biləcəyi qənaətindədir. Ekspert deyir ki, ehtimallar üzərindən düşünülərsə mövcud iqtidarın vəziyyəti bir qədər də çətinləşəcək.

Rusif Məmmədsoy

“Türkiyədə mümkün hakimiyyət dəyişikliyində unutduğunuz çox vacib bir fiqur var ki, onun da adı Muharrem İncedir. Bu gün əsas müzakirə mövzularından biri rəqabətin məhz Cumhur İttifaqı və Millet İttifaqı (6-lı masa) arasında olacağıdır. Hesab edirəm ki, bu seçkilərdə əsas rəqabət məhz İnce ilə Ərdoğan arasında gedəcək. Hətta 6-lı masadan Kılıçdaroğlunun namizəd olacağı təqdirdə şansları daha da artır. Hər halda indidən dəqiq nəsə demək mümkün deyil, lakin may ayına qədər Türkiyədə çox gərgin müzakirələrin getdiyi dövr olacaq”.

Baş verən təbiət hadisəsinin Türkiyədə bu il keçiriləcək prezident və parlament seçkilərinə təsirsiz ötüşməyəcəyini qeyd edən politoloq Turan Rzayevin fikrincə istər müxalifət, istərsə də iqtidar hadisədən seçki kampaniyaları üçün istifadə edəcəklər.

Bu qərar Qərbin müdafiə etdiyi dəyərlərə xəyanətdir"

Turan Rzayev

“Zəlzələnin Türkiyə iqtisadiyyatına vurduğu zərərin böyüklüyü hakim partiyanın işini çətinləşdirir. Müxalifət bu fürsətdən yararlanmaq istəyəcək və iqtidara təzyiq edəcək. Lakin baş verən hadisə iqtidarın da əlini gücləndirir. Belə ki, iqtidarın təbii fəlakətin fəsadlarını sürətlə aradan qaldırması, siyasilərin hadisə yerinə səfərlər etməsi, zərərçəkənlərə yardımların edilməsi xalq nəzdində Ərdoğana olan etimadı artıra bilər”.

Türkiyəyə qarşı seysmoloji silahdan istifadə edildiyi ilə bağlı suallara cavab olaraq Turan Rzayev qeyd etdi ki, belə bir texnika yoxdur.

“Düzdür, dünyada süni titrəyişdən müxtəlif məqsədlər üçün istifadə olunur. Bu metod daha çox neft sənayesində kəşfiyyat işləri, neft və qaz mənbələrini aşkarlamaq üçün olunub. Geofiziklər yerin müəyyən qatlarına seymsovibratorlarla dalğa göndərərək yerin dərin qatlarındakı qaz, boşluq, su və ya neftlə zəngin laylarla və s. qarşılaşa bilər. Lakin bu o demək deyil ki, bu üsulla 6-7-8 ballıq dağıdıcı zəlzələ yaratmaq olar. İnsan əli ilə – xüsusi proqram və tektonik silah vasitəsilə istənilən yerdə zəlzələ yaratmaq üçün yerin lazımi laylarına nüvə partlayışı gücündə təsir etmək tələb olunur. Belə bir texnologiya isə hazırda yoxdur”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR