Növbəti güclü zəlzələ bu bölgədə olacaq -

“Qəhrəmanmaraş zəlzələsi 130 atom bombasının fəsadlarına bərabər olan nəhəng bir zəlzələdir”.

Metbuat.az xəbər verir ki, türkiyəli professor Okan Tüysüz belə deyib. O bildirib ki, zəlzələnin təsiri azı 300 kilometr diametri əhatə edib:

“Yer səthinə yaxınlığını nəzərə alsaq, dayaz zəlzələdir. Batumidən Misirə və Kiprə qədər geniş bir ərazidə hiss olunub. Sonuncu dəfə 1999-cu il avqustun 17-də bu maqnitudada zəlzələnin şahidi olmuşuq. Son 23 ildə yaşadığımız ən böyük zəlzələdir. Bu, gözlənilən zəlzələ idi. Çünki Şərqi Anadolu xətti uzun illərdir ki, səssiz idi. 24 yanvar 2020-ci ildə Elazığda zəlzələ olub. Bu zəlzələdən sonra Şərqi Anadolu fayının Pazarcık hissəsinə diqqət çəkildi. Nəzərə alsaq ki, 1513-cü ildən bəri bölgədə heç bir zəlzələ olmayıb, onda bu böyüklükdə zəlzələ təəccüblü deyil”.

Türkiyəli professor Süleyman Pampal da zəlzələnin gözlənilən olduğunu ifadə edib:

“İllərdir gözlədiyimiz və danışdığımız zəlzələ idi. Zəlzələnin baş verdiyi Şərqi Anadolu xətti Türkiyənin ən təhlükəli, ən aktiv və bir müddətdir zəlzələlərə səbəb olan faylarından biridir. Bu qırılmanın Sincik, Gölbaşı, Türkoğlu və Hatay seqmentlərində seysmik boşluqlar, zəlzələ potensialı yüksək olan ərazilər var idi. Bu ərazilərdə zəlzələlər gözlənilən idi”

Türkiyəli professor Şərif Barış isə zəlzələ barədə belə deyib: “Həmin bölgədə gözlənilən zəlzələ 6,8-6,9 bal gücündə olmalı idi. Amma indiki hesablamalara görə, bu zəlzələnin gücü 7,7-7,8 bal gücündədir. Bu, yalnız iki xəttin eyni anda qırılması və ya bir-birinin ardınca qırılması ilə mümkün ola bilər”.

Türkiyəli professor Ahmet Ercan bildirib ki, növbəti zəlzələnin istiqaməti cənuba doğru dəyişib. “Osmaniyə, Adana və Hatay yüksək potensial zəlzələnin baş verəcəyi bölgəyə daxil olub. Burada orta güclü zəlzələlər gözləmək olar. Böyük zəlzələ üçün hələ tezdir”, - deyə o bildirib.

Qeyd edək ki, episentri Qəhrəmanmaraş vilayətində yerləşən 7,7 bal gücündəki zəlzələ Livan, Misir, İraq, Suriya və Kiprdə də hiss edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR