Zəlzələ Türkiyə iqtisadiyyatına necə təsir göstərəcək? - ŞƏRH

“Təbii fəlakət Türkiyə iqtisadiyyatına olduqca böyük təsir göstərərək uzun müddətdir başlayan prosesi zəlzələnin yaratmış olduğu fəsadlardan sonra iqtisadiyyatı daha da geriyə aparacaq”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında Almaniyanın "Commerz" Bankının Maliyyə və Riskin İdarə olunması şöbəsinin aparıcı mütəxəssisi, iqtisadçı-ekspert Murad Calalov deyib. Ekspert bildirdi ki, Türkiyə iqtisadiyyatının formalaşmasında rol oynayan bir çox şəhərlərin dağılması həmin şəhərlərin iqtisadiyyatının sanki sıfırlanmasına səbəb oldu.

Murad Calalov

“ Ən çox gəlir gətirən sahələrdən biri də daşınmaz əmlakla bağlı idi. Artıq bu sahədə iqtisadiyyatın inkişafını düşünməkdən daha çox insanların inamını, etibarını geri qazanmaq vacib olacaq. Bildiyiniz kimi, Covid-19 pandemiyasının təsirindən qiymətlərdə çox böyük enmələr baş verdi. Amma Rusiya-Ukrayna arasında gedən müharibəyə görə o ölkələrdən gələn qaçqınlar, öz yurdlarını tərk edən insanlar Türkiyə ərazisində məskunlaşdılar. Onlar özləri ilə gətirdiyi vəsaitləri əsasən daşınmaz əmlak sahəsinə investisiya etdilər. Nəticədə 2022-ci ilin yay aylarında Türkiyənin bir çox şəhərlərində daşınmaz əmlakların qiymətində süni yüksəlmələr oldu. Məsələn, 25000 avroluq bir ev Mersin şəhərində artıq 2022-ci ilin dekabrında 50-60 minin üzərində idi. Doğrudur, bahalaşma iqtisadiyyatı xilas etməsə də müəyyən zaman içərisində müsbət irəliləyişlərin olmasına şərait yaratmışdı”.

Murad Calalov tikinti sahəsində nəzarətin təkcə dövlətin üzərində olmadığını qeyd edərək söylədi ki, bu eyni zamanda inşaatı aparan şirkətin şərəf və vicdan məsələsidir.

“Almaniyada tikilən binalara alman qanunlarına uyğun inşaat aparılır. Orada dövlət gəlib tikinti şirkətinin yanında dayanmır. Amma hər bina inşa edən şirkət bilir ki, ən birincisi təhlükəsizliyi zəmanət verən binalar inşa etmək lazımdır”.

Hazırda Türkiyə iqtisadiyyatının dirçəldilməsi üçün Dünya Bankının Türkiyəyə yardım və bərpa üçün 1,78 milyard ABŞ dolları ayırmağa qərar verdiyini qeyd edən Murad Calalov bildirdi ki, çökmək yolunda olan Türkiyə iqtisadiyyatını xilas yolu maliyyə dövriyyəsinin artırılmasıdır.

“Hesablamalara əsasən Türkiyə iqtisadiyyatına 84 milyard dollar ziyan dəyib. Bildirilib ki, bu məbləğ ÜDM-nin təxminən 10%-ni təşkil edir. Məlumata görə, yaşayış binalarına dəyən ziyan 70,8 milyard dollar təşkil edib. Bundan başqa, zəlzələlərin nəticələri ölkə büdcəsinin gəlirlərinin 10,4 milyard dollar azalmasına səbəb olacaq. Daha 2,9 milyard dollarlıq zərər Türkiyə iqtisadiyyatına işçi qüvvəsi itkisinə görə dəyəcək. Qarşıdan yay ayları gəlir. Zəlzələdən ziyan çəkən vətəndaşları motel tipli turizm məkanlarına yerləşdirsələr də lyüks otellər məhz turistlərin gəlişi üçün hazırlanacaqdır. Türkiyədə turizmdən gələn gəliri də bağlamaq Türkiyə üçün yalnış addım olardı”.

Zəlzələnin iqtisadiyyata təsirlərini dəyərləndirən iqtisadçı-ekspert Elman Sadıqov bildirdi ki beynəlxalq təşkilatların əvvəlcə 1 milyard, sonra 4 milyard səsləndirdikləri rəqəmləri bir çox məqamları nəzərə almadan verilmiş tələsik açıqlamalar hesab edir.

Elman Sadıqov

“Zəlzələnin iqtisadiyyata təsirlərini 4 hissəyə bölmək olar: Birincisi birbaşa təsirlərdir. Birbaşa təsirləri hesablamaq daha asandır. Hesablamalar daha çox bu hissə üzrə aparılır. Buraya həmin bölgələrin ÜDM-dəki payı, yıxılan binaların maliyyəti, hazırda xərclənən və dağıntılar aradan qaldırılana qədər xərclənəcək təxmini vəsait, yaralıların hazırki müalicəsi, verilən ərzaqlar və sair daxildir. İkincisi sonrakı dövrlərdə dolayı təsirlər adlanır. Həmin bölgənin ÜDM-sini zərər kimi iqtisadiyyatın böyüməsinə mənfi təsirini hesablamaq mümkündür. Lakin, həmin bölgənin zərərlərini aradan qaldırmaq üçün görülən tədbirlərin iqtisadiyyata təsirini ölçdükdə zərər 2 qat olur. Həm ÜDM-nin artımında iştirak etmir, həm də xərc tələb edir. Bura əhalinin bundan sonra yerləşdirilməsi, onlara ödənəcək vəsaitlər, dağılmış (hələlik hesablanması mümkün olmayan) infrastuktur (xüsusilə su, kanalizasiya xətləri və sair), dövlət müəssisələrinin tikintisi, yaralıların müalicəsi, əlillər üçün protezlər və müavinətlər və sair xərcləri də əlavə etmək lazımdır. Digər tərəfdən, faktiki olaraq yıxılan bina sayı 6444 səsləndirilsə də, yıxılmayan, lakin qəzalı vəziyyətə düşdüyü üçün yaşamaq mümkün olmayacaq minlərlə bina var. Minlərlə binanın əsaslı təmirə ehtiyacı olacaq. Kiçik və orta biznesə, kənd təsərrüfatına dəyən zərərin həcmi bilinmir. Büdcə daxilolmalarına təsiri də nəzərə aldıqda sonrakı təsirlərin həcminin böyük olduğunu görürük.

Üçüncüsü multiplikativ effektin ölçülməsi üçün daha mürəkkəb hesablamalar və datalar lazımdır. Əhalinin gəlirləri, xərcləmələri, dövriyyə, digər bölgələrlə əlaqələri (xüsusilə daxili turizm üçün Türkiyənin turist bölgələrinə gedən əhali sayı və xərcləmələrin olmayacağı və sair növbəti dövrlərdə mənfi təsirləri olacaq faktorlardır. Ən böyük təsirlərdən biri monetar siyasətlə bağlıdır. Ölkə artan xərclər, azalan büdcə daxilolmaları fonunda lirə çap etməyə məcbur olacaq ki, bu da inflyasiyanı daha da tətikləyəcək və sair;

Dördüncüsü odur ki, İstanbul Menkul Kiymetler Borsası (İMKB) fəaliyyətini dayandırıb. Birja indeksi olan BİST100 ilk ticarət günündə 7%-ə qədər dəyər itirmişdi. Həmin bölgə ilə ticarət əlaqələrinin qırılması, özəl sektora dəyən zərər və sair nəticəsində dəyən zərərin hesablanması üçün datalara və zərərin miqyasının ölçülməsinə ehtiyac var. Nəqliyyata, hava yollarına dəyən zərərlər hələ davam edir. Gündəlik zərərin belə hesablanmasında bir çox amilləri nəzərə almağa ehtiyac var”.

Elman Sadıqov qeyd etdi ki, bütün bu zərər və xərclərin müəyyən hissəsini kompensasiya edəcək amillər də olsa da cuzi bir hissəsini təşkil edir.

“Tikinti ilə məşğul olan şirkətlərin gəlirləri, Türkiyədə istehsal olunan tikinti materiallarının istifadəsi, həmin şirkətlərin gəlirlərinin artmasını qeyd etmək tələskənlik olar. Çünki, bu həssas məsələ olduğu üçün həmin şirkətlərin kommersiya maraqlarının yüksək olacağı gözlənilmir. Digər tərəfdən isə, keyfiyyət amilinin arxa plana çəkilməməsi, zəlzələyə davamlı binaların tikilməsi üçün dövlət həmin şirkətlərlə sıx və qarşılıqlı əməkdaşlıq edəcək, nəzarət yüksək olacaq. Amma qeyd etdiklərim sadəcə iqtisadi məsələlərdir. İqtisadiyyata zərərin miqyasını zəlzələ deyil, yıxılan binaların həcmi müəyyən edir. Dağıntı nə qədər az olursa, maddi və mənəvi zərərləri də bir o qədər az olur. Deməli, tikinti bir ölkənin iqtisadiyyatında rol oynadığı kimi, dövlətin və millətin taleyində də düşündüyümüzdən daha böyük və həlledici rol oynayır”.

İqtisadçı ekspert Günay Hüseynova isə hesab edir ki, Türkiyə iqtisadiyyatında baş verənlərin Azərbaycan iqtisadiyyatına təsiri cuzi olaraq qiymətləndirilir.

Günay Hüseynova

Zəlzələnin baş verdiyi Qaziantep, Kahramanmaraş, Malatya şəhərlənin Türkiyədə istehsalatda iqtisadi potensialı var. Ölkənin böyük sənayə,fabriklərindən bir neçəsi həmin şəhərlərin payına düşürdü. Lakin Türkiyə iqtisadiyyatına mənfi təsir göstərəcək olan bu hadisə Azərbaycan iqtisadiyyatına təsiri cüzi olaraq qiymətləndirilir. Həmin bölgələr sənayə və kənd təsərrüfatı üzrə daha çox pay bölgüsünə sahibdir. Kənd təsərrüfatında Hatay, Diyarbakır bölgəsi daha çox göyərti və ədviyyat istehsalında təmərküzləşib. Qaziantep isə buğda məhsulları üzüm, sarımsaq, turp kimi tərəvəz məhsullarının istehsalı ilə tanınırdı. Malatya quru meyvə, Kahramanmaraş isə əsasən sənaye, toxuculuq məhsulları və bu çeşiddən olan istehsalatla məşqul idi. Zəlzələnin vurduğu iqtisadi zərbə daha çox türk istehlakçısına təsir göstərəcək. Qeyd edim ki, ümumilikdə gəlir xərc hesablandıqda 36 milyard dollardan çox kəsr yarandığı məlum olub. Həmin ərazilərin bərpası, iqtisadiyyatın dirilməsi üçün 100 milyard dollardan çox vəsait tələb olunur”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR