Canlı yayımda söyüş söyən tiktoker qızlar da saxlanılıb? -

Polisin “Tik-tok”da söyüş söyənlərə qarşı əməliyyatlara başladığı haqda məlumat yayılmışdı. Məlumatı yayan teleaparıcı Tarix Əliyevin (Tolik) sözlərinə görə, adı çəkilən blogerlərin saxlanılmasının ardından polis “Tik-tok”da söyüş söyən, əxlaqsız davranışlar nümayiş etdirən qızlara qarşı da əməliyyat keçirib. Tarix Əliyev həmçinin "Magerramoff" adlı “Tik-tok” fenomeni Əmrah Məhərrəmovun ölkədən qaçdığını, onun Gürcüstanda olduğunu bildirib.

Metbuat.az xəbər verir ki, məsələ ilə bağlı Musavat.com Daxili İşlər Nazirliyinin (DİN) mövqeyini öyrənməyə çalışıb. Qurumun mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev məsələ ilə bağlı açıqlamasında bildirib:
“Məşhur klarnet ifaçısı Hüseyn Hüseynovun sosial şəbəkə üzərindən müraciətindən sonra Səbuhi Xanlarov, Rövşən Süleymanzadə və Ziliş Cəfərov polis orqanına dəvət olunublar. Onların içərisində "Daqqılı" ləqəbli bloger Ziliş Cəfərovun üzərindən narkotik vasitə aşkar olunaraq götürülüb və İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə müvafiq olaraq barəsində Xətai Rayon Polis İdarəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.

Ümumiyyətlə, bu cür məsələlər ilə bağlı, yəni sosial şəbəkələrdə insanları təhqir edən, nalayiq hərəkətlər edən, ifadələr işlədən şəxslər barəsində daxil olan bütün müraciətlərə diqqətlə yanaşılır və tərəfimizdən bu sahədə əvvəlki aylarda, illərdən fərqli olaraq vəziyyətin yaxşılığa doğru dəyişməsi müşahidə olunur. Belə ki, əvvəllər belə fikirlər var idi ki, sosial şəbəkələrdə kim nə istəsə danışa, yaza bilər. Sanki bu adamlar cəzasızlıq mühitində olduqların hiss edirdilər. Amma belə deyil. Bu gün bu məsələ ilə bağlı hüquq mühafizə orqanları tərəfindən müvafiq tədbirlər görülür və ictimai qaydaya, təhlükəsizliyə xələl gətirən, hansısa formada insanların ləyaqətini, şəxsiyyətini alçaldan, təhqir edən şəxslər barəsində qanun əsasında tədbirlərin görülməsi təmin edilir. Hər bir təhqirə, nalayiq ifadəyə, böhtana qalan şəxs birbaşa xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməlidir və bu bir presedentə çevrilməlidir. Əvvəlki illərdə belə bir presedent yox idi, amma müşahidə edilir ki, son vaxtlar bununla bağlı vətəndaşlar, ictimaiyyət nümayəndələri barələrində səsləndirilən böhtan və təhqirlərlə bağlı məhkəmələrə müraciət edirlər”.

“Canlı yayımda söyüş söyüb, qışqıran “tiktok-“çu qızların da saxlanıldığı barədə xəbər nə dərəcədə doğrudur?” sualımıza Elşad Hacıyev bu cür cavab verdi: “Xeyr, bu barədə yayılan məlumat doğru deyil”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR