Azərbaycanda aqrar məhsulların istehsalı

2023-cü ilin yanvar ayında ölkədə 456,2 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 % çoxdur.

Bu ay istehsal edilmiş bitkiçilik məhsullarının dəyəri 23,1 milyon manat olub, bu isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 % çoxdur. Heyvandarlıq məhsulların dəyəri isə 3,4 % artaraq 433,1 milyon manat təşkil edib.

2022- ci ildə qarğıdalı da daxil olmaqla tarlalardan 3 milyon 161,3 min ton dənli və dənli paxlalı bitkilər götürülüb, bu, 2021-ci illə müqayisədə 6 % azdır. Sahələrdən 1074,3 min ton (1,2 % çox) kartof, 1 milyon 823,3 min ton (0,4 % çox) tərəvəz, 469,3 min ton (2 % çox) bostan məhsulları, 1 milyon 253,1 min ton (4 % çox) meyvə və giləmeyvə, 212,6 min ton (1,3 % çox) üzüm, 1 min ton (15 % az) yaşıl çay yarpağı, 222,7 min ton (15,3 % çox) şəkər çuğunduru, 321,8 min ton (12,1 % çox) pambıq, 29,4 min ton (13,8 % çox) günəbaxan və 5,1 min ton (21 % az) tütün yığılıb.

2023-cü ilin yanvar ayında diri çəkidə 45,6 min ton ət, 160,7 min ton süd, 182,1 milyon ədəd yumurta və 20,5 min ton tərəvəz istehsal olunub. 2022-ci ilin yanvar ayı ilə müqayisədə ət istehsalı 2,8 %, süd istehsalı 1 %, yumurta istehsalı 16 %, tərəvəz istehsalı isə 1,5 % artıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR