Ev sahiblərinin evin zəlzələyə davamlı olub-olmamasına dair sənəd tələbi onların istehlak hüququdur -

Vəkil şərəfli və eyni zamanda çox məsuliyyətli peşədir. Bu peşədə çalışan hər bir vəkil xüsusi peşə qabiliyyətlərinə malik olmalıdır ki, bunların da sırasında hüquqi savad, ünsiyyət, peşə yaradıcılığı və emosianal qabiliyyətlər mühüm yer tutur.

Mətbuat.az saytı olaraq sözügedən sahədə böyük təcrübəyə malik olan və uğurlu işlərlə yadda qalan peşəkar vəkil, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Avraam Bermanla söhbət etdik. Müsahibimiz peşənin xüsusiyyətlərindən, həyat prinsiplərindən danışaraq bu gün aktual olan mövzulara da toxundu.

Avraam bəy, neçə ildir vəkillik sahəsində çalışırsınız və bu sahədə uğur qazanmağınıza nə kömək etdi?

– 10 ildən artıqdır ki, hüquqi sahədə çalışıram. 2019-cu ildən etibarən vəkillər kollegiyasının üzvü olaraq hüquqi yardım xidməti göstərirəm. Bu sahədə çalışmağım, xüsusi ilə də vəkil olmağım məktəb illərindən arzum olub. Əslində, uğur qazanmaq üçün mənə bir çox məsələlər kömək edib və hazırda da edir. Məsələn, “bərabərlər arasında birinci” olmaq istəyi...

Uğur qazanmaq üçün vəkil hansı şəxsi və peşəkar keyfiyyətlərə malik olmalıdır?

– İlk növbədə o, müştərisi ilə həmişə dürüst olmağı bacarmalıdır. Vəziyyətdən və maraqlardan asılı olmayaraq.

Peşəkar nöqteyi-nəzərdən hesab edirəm ki, vəkili müvəffəqiyyətli edən üç şey var: Dürüstlük, Səmərəlilik və Məxfilik.

Absurd səbəblərdən ötrü boşanmaq istəyənlərlə rastlaşmısınızmı? Ümumiyyətlə, ən çox hansı səbəbdən boşanmalar baş verir?

– Mən səbəbi araşdırmıram. Mənim yaxud sizin üçün həmin səbəb absurd ola bilər, ancaq bu heç də önəmli deyil. Yəni, əgər mənim vəzifəm nigahın pozulması tələbi üzrə hüquqi yardım göstərməkdirsə, mən yalnız o istiqamətdə öz məsləhətlərimi verib, onun istədiyi nəticəni əldə etmək üçün xidmət göstərirəm. Səbəsiz olsa belə. İşin mənəvi tərəfi də mənə heç vaxt maraqlı deyildir.

Qanun pozuntusuna yol vermiş insanları, cinayətkarları, hətta aşkar qatilləri hansı hisslə müdafiə edirsiniz?

– Birincisi, qeyd etməliyəm ki, mən insanların etdiyi əməlləri müdafiə etmirəm. İnsanların hüquqularını müdafiə edirəm. İkincisi, insan barəsində qüvvəyə minmiş hökm olmasa, kimliyəndən asılı olmayaraq kimsəyə qanunu pozmuş, cinayətkər və ya qatil demək olmaz.

Nahaq yerə ittiham olunan bir insanın taleyini düşünün. Axı, bir insan, faktiki bir səhvin qurbanı ola bilər. Təqsirinin etirafı halında vəkil məhkəmə qarşısında yüngülləşdirici hallar göstərməklə, özünü ittiham etmə ehtimalını istisna etməyə və ya müştərinin taleyini yüngülləşdirməyə çalışacaq.

İnsanların hüquq sahəsindən az məlumatlı olmaları nədən irəli gəlir? Bu istiqamətdə hansı addımları atmaq olar?

– İnsanların hüquq sahəsindən az məlumatlı olmaları normal bir haldır, necə ki bizim tibb sahəsindən az məlumatlı olmağımız kimi. Biz ki hər sahənin mütəxəssisi deyilik. İnsanların “özünə müalicə” kimi addımları atmaqdan çəkinməklərinə tövsiyyə edirəm. Təbii ki, insanların öz hüquqlarının bilməsi gözəl bir haldır və, nə qədər ki, vətəndaşların çoxu öz hüquqlarını bilərsə hüquq pozuntusunun qarşısının alınması öz effektliyini artırır. Ancaq unutmayaq ki, hüquq və qanunu bilməklə məsələ bitmir. Həmin hüquqların realizə edilməsi və qanunun tətbiqini bilmələri vacibdir. Bunun üçün də, hər bir sahədə olduğu kimi, mütəxəssis lazımdır.

Azərbaycanda ev sahibləri evlərinin zəlzələyə davamlı olmamasına görə şikayət etsələr evin möhkəmləndirilməsi kimin tərəfindən həyata keçiriləcək?

– Ev sahiblərinin evlərinin zəlzələyə davamlı olub-olmamasına dair sənədləri tələb etməsi həmin vətəndaşların istehlak hüququdur. Bina tikilərkən zəlzələyə davamlılığı, texniki vəziyyəti, istismara yararlılığı ilə bağlı dövlət orqanlarından müəyyən aktlar alınır. Ev sahibləri kollektiv şəkildə MTK-ya, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət edə və müvafiq sənədləri ilə tanış ola bilərlər. Tələb olunan sənəd verilmədikdə, vətəndaşlar həmin qurumları məhkəməyə verib, məhkəmə vasitəsilə bu sənədi ala bilərlər. Unutmayaq ki, vətəndaşın sorğularına cavab verməyən qurumlar və vəzifəli şəxslər məsuliyyət daşıyırlar.

Cinayət prosesində vəkilin real rolu nədir? Ancaq onun yanında olmaqla, məsləhətlər vermək?

– Təkcə bu yox. İnsanların bilmədikləri konstitusiya və digər hüquqlarını həyata keçirməyə kömək etmək. Məsələn, heç kəs öz əleyhinə və ya yaxın qohumlarının əleyhinə ifadə verməyə də bilər. Ola bilsin ki, vətəndaş bunu bilmədən, hər hansı təhqiqatçı və ya müstəntiqin tələbi ilə, öz əleyhinə ifadə verər bu barədə öz etirazını bildirməkdən çəkinər.

Müdafiəçinin vəzifəsi, həm də hadisənin bütün yüngülləşdirici hallarını müəyyən etmək və bununla da qanuni və əsaslandırılmış məhkəmə qərarının çıxarılmasına töhfə verməkdir.

Vəkil olmağın ən çətin tərəfi nədir?

– Emosiyalar. Bu arada, cərrahın peşəsi ilə paralel aparmaq olar. Hansı ki, xəstəni xilas etmək üçün skalpellə kəsik vurmalıdır. Bundan ötrü həkim narkoz verə bilər, vəkil isə yox. Bəzi vətəndaşlar emosional olduğundan, vəkildən səs küy salmağını tələb edirlər. Bu çox gülməlidir.

İşimizdə ikinci çətin məqam məhkəmədə ədalətə nail olmaqdır. Bu, xüsusilə cinayət işlərində son dərəcə çətindir. Məsələn, keçən ildə müvəkkilimə bəraət qazandıra bilmədim. İttiham tərəfinin bütün xəttini məhv edən şahidlərin və ekspert rəylərinin istintaq orqanına təqdim olunmasına baxmayaraq, müvəkkilim barəsində ittiham aktı çıxarılmışdır. Bir an düşündüm ki, cinayət işi ilə bağlı müraciətlərə baxmayacam. Amma qısa zaman keçdikdən sonra, bu motivasiyamı daha da artırdı.

Boş vaxtınız olanda nə ilə məşğul olmağa üstünlük verirsiniz?

– Bütün boş vaxtımı peşəmə sərf edirəm. Məndə “iş vaxtı bitdi” deyə bir şey yoxdur. Müştərilərim şənbə günündən başqa istənilən vaxt mənimlə əlaqə saxlayırlar. Elə olur ki, sevdiyim işlə məşğul oluram və iş qrafikimi, görüşlərimi, tədbirlərimi özüm qururam. Peşəmlə yanaşı, bağçılıqla da vaxt keçirməyi xoşlayıram. Mən kol və çiçəklərə qulluq edirəm, çoxaldıram. Azərbaycanda istənilən meyvə ağacı əkib zəhmət bəhrəsinin dadını dadmaq olur. İdman, sağlam qidalanma.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR