​Od çərşənbəsinin

Bildiyimiz kimi, bu gün Novruzun ikinci - od çərşənbəsidir.

Metbuat.az xatırladır ki, Boz ay bu çərşənbə ilə ömrünün tam yarısını başa vurur və təbiətin diriləcəyi günü bizə daha da yaxınlaşdırır. Od çərşənbəsinə qədimdə “Üskü çərşənbə”, “Üskü gecəsi” də deyilib. Qədim dövrlərdə Od çərşənbəsində tonqalı hündür yerdə-dağ, təpə başında qalayar, bütün el həmin tonqalın başına yığışarmışlar. Odunlar yenicə alışmaya başlayanda qız-gəlin odun şərəfinə nəğmələr söylərmişlər.

Qədimdə Od çərşənbəsində başqa bir yaxşı adət də olub: qonum-qonşular yasda olan ailənin həyətində tonqal çatar, bununla da o ailəni yasdan çıxararmışlar.

Od çərşənbəsində bəzi unutduğumuz adətlər var:

Ayı oynatma - Burada ayı simvolik anlamdadır, təbii ki, başqa heyvanlar da ola bilər. Bu, həm Od, həm də qarşıdakı digər iki çərşənbədə göstərilən tamaşadır. Bir adama ayı dərisindən kürk geyindirilir. Başqa bir adam onun boynuna zəncir salıb tamaşaçıların toplaşdığı meydana aparır. Burada ayı onların üzərinə atılmaqla guya, adamları qorxutmaq istəyir. Meydanda kimlərisə yamsılayır və insanların alqışını qazanır. Ayının yamsıladığı adamların arasında cütçü mütləq olmalıdır. Bu da ayılan torpağa olan münasibəti əks etdirir. Bu oyuna oxşar dəvəoynatma oyunu da var.

Açar falı: Çərşənbələrdə ürəyində niyyət tutan şəxs özü ilə açar götürüb evlərinin yanındakı yola çıxır. Yolayrıcı olan yerdə açarı sağ ayağının altına qoyub gözləyir. Yoldan ötənlərin ilk sözünü eşidib yadında saxlayır və açarı da götürərək geri qayıdır. Eşitdiyi söz xoş bir məna verirsə, yaxşı nəsə haqqındadırsa həmin adam niyyətinin baş tutacağına inanır. Buradakı açar isə simvolik olaraq həmin niyyətin açarı deməkdir.

Alma falı: Od çərşənbəsində iki alma seçilir və onlardan birinə nişan qoyulur. Daha sonra həmin nişanı gizlədərək niyyət tutur və evdəkilərdən birinə almalardan hansınısa götürməsini deyir. Həmin adam əgər nişanlanmış almanı götürərsə, bu niyyətin doğrulacağına işarə kimi anlaşılır. Burada istifadə olunan alma mifoloji dünyagörüşdə xoşbəxtlik, uğur bəxş edən rəmzi motivin daşıyıcısıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR