Rusiya Qarabağda sülhə maraqlı deyil: “​Lavrovun gəlişindən nəticə gözləmək sadəlövhlük olardı”​

“Rəsmi İrəvan Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşma üçün əlindən gələn hər şeyi edir. Halbuki, Ermənistan Rusiyanın hərbi müttəfiqidir, Kremlin patronajlığı altında olan KTMT-nın üzvüdür. Və Ermənistanın geopolitik xəyanəti Kremli regional məkanda alternativ tərəfdaşa möhtac buraxıb”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Müsahibimiz vurğuladı ki, Cənubi Qafqazda hazırda dünya nəhəngləri arasında amansız mübarizə mövcuddur. Ona görə də, dünya nəhəngləri region dövlətləri üzərindən müəyyən geopolitik manevrlər etməyə çalışırlar.

Elçin Xalidbəyli

“ABŞ və Avropa Birliyi regiona Ermənistan vasitəsilə yerləşməyə cəhd göstərir. Təbii ki, belə vəziyyətdə Rusiya üçün Azərbaycanla daha sıx münasibətlərın qurulması böyük əhəmiyyət daşıyır. Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana rəsmi səfərinə də bu kontekstdə yanaşmaq daha doğru olardı. Təsadüfi deyil ki, Kreml Azərbaycanı Rusiyanın Cənubi Qafqazda və Xəzəryanı regionda önəmli tərəfdaşı, müttəfiqi kimi təqdim etməyə başlayıb. Bu, o deməkdir ki, Azərbaycan indi Cənubi Qafqazda mövqelərini qorumağa çalışan Rusiyanın əsas ümid yerinə çevrilib. Üstəlik, Azərbaycan Rusiya üçün iqtisadi-ticari sahədə də önəmli tərəfdaşa çevrilməklə də diqqəti çəkir”.

Elçin Xalidbəyli hesab edir ki, böyük ehtimalla Kreml Rusiya xarici işlər nazirinin Azərbaycana səfərində bütün bu önəmli məqamlarla bağlı bütün suallara cavab tapmaq niyyətindədir.

“Ancaq hələlik Rusiyanın Cənubi Qafqaz siyasətinin Azərbaycanın maraqları ilə tam uyuşduğunu düşünmək də sadəlövhlük olardı. Hər halda, ortaq maraqlar olsa da, perspektiv hədəflər baxımından kifayət qədər ciddi ziddiyyətlər də mövcuddur. Xüsusilə də, rəsmi Bakının xarici siyasət kursunda Rusiya əsas istiqamət deyil. Azərbaycan Avropa Birliyi ilə enerji təhlükəsizliyi sahəsində hər iki tərəf üçün də faydalı tərəfdaşlığa başlayıb. Və rəsmi Bakı bu hədəfini Rusiya ilə münasibətlərə qurban vermək niyyətindən çox uzaqdır”.

Elçin Xalidbəyli qeyd etdi ki, Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi üçün də elə bir ciddi proqres vəd etmir. Əksinə, Kreml Cənubi Qafqazda uzunmüddətli gərginliyin mövcudluğunda birbaşa maraqlıdır”.

“Rusiyanın Cənubi Qafqazda sülh prosesinə müsbət təsir göstərəcəyi qətiyyən inandırıcı deyil. Bütün bunları nəzərə aldıqda, Azərbaycanın Rusiya ilə ciddi müttəfiqlik münasibətləri qurması perspektivli seçim təsəvvürü yaratmır. Rusiya xarici işlər naziri Sergey Lavrovun da Bakıda ən yaxşı halda, hazırda əsas gündəm mövzusu olan bir neçə geopolitik məsələdə anlaşmağa çalışacağı istisna deyil. Rəsmi Bakı isə mütləq Azərbaycanın milli maraqlarını ön plana çıxaracağı da qətiyyən şübhə doğurmur. Yəni, Rusiya xarici işlər nazirinin Azərbaycana səfərindən uzaqgedən nəticələr gözləmək sadəlövhlük olardı”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR