"Bunu dəstəkləmək üçün Azərbaycanla sərhəddə təxribat törədilə bilər" -

“Ermənistan 44 günlük Vətən müharibəsindən sonra irəli sürdüyü, Qərbdəki havadarlarının da son bir neçə ayda aktiv təbliğ etdiyi absurd bir tezis var. Guya, Rusiya Ermənistanı Qərblə yaxınlığına görə cəzalandırıb, müharibədə və Ermənistanın özünün törətdiyi sərhəd gərginliyində müdafiə etməyib. Onu da qeyd edim ki, bizim ölkəmizdə də xarici fondların qrantları uğrunda mübarizə aparan eks-deputat alverçi-müxalifətçilər bu tezisi Ermənistana yarınmaq üçün aktiv təbliğ edirlər”.

Metbuat.az bildirir ki, bunu Lavrovun Bakı səfəri ilə bağlı saytımıza danışan politoloq Yeganə Hacıyeva deyib. O qeyd edib ki, səfərdən sonra bu tezis daha da tirajlanmağa başladı:

“Lavrovun dünənki səfərindən sonra hər iki cəbhədə, istər Qərb mediasında, istər mühacir blogerlər, istərsə də daxildəki siyasi avanturistlər bu tezisi tirajlayır. Guya erməni Lavrov Bakıya “Qərbə yaxınlaşan Ermənistanı birgə cəzalandıraq” təklifi ilə gəlibmiş. Təxmin edirəm ki, bu tezisi dəstəkləmək üçün Aİ-nin mülki missiyası adı altında Azərbaycanla sərhədə yerləşən hərbi missiyanın gözünün önündə bir təxribat da edəcəklər. Bu, Ermənistanın Ukrayna müharibəsindən sonra kəskinləşən Qərb Rusiya konfrantasiyasından faydalanmaq cəhdidir”.

Politoloq həmçinin əlavə edib ki, Azərbaycan Qafqazda davamlı sülhün bərqərar olması üçün Rusiyanın fəal səylərinə ümid etsə də, son iki il ərzində Rusiyanın ənənəvi müttəfiqi İranın və Avropada Rusiyanın sözcüsu qismində çıxış edən Fransanın Ermənistanla müştərək fəaliyyətində rolunun olmamasına inanmır:

“Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Bakıda elan etdi ki, Moskva sülh sazişinin imzalanmasına kömək etməyə və sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyalar vasitəsilə tərəflərə məsləhət verməyə hazırdır. Ancaq burda bir həqiqət də var ki, bu fikirlər 10 noyabr üç tərəfli razılaşmanın imzalanması sonra Rusiyanın həmişə səsləndirdiyi fikirlərdir. Bu məsələdə Rusiyanın öhdəlik və məsuliyyətinə yetərincə əməl etməməsi regionda kənar oyunçuların yerləşməsi üçün “münbit imkan” formalaşdırıb.

Delimitasiyası ilə bağlı Azərbaycan-Ermənistan ikitərəfli formatında görülən işlər, sərhədlərin açılması ilə bağlı isə Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli formatı müzakirə olundu. Bu, özlüyündə Ermənistanın Qərb vasitəçiləri ilə regionda sülh və stabilliyə formalaşdırmağa çalışdığı addımlara qarşı cavab idi”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR