“Zəlzələdən sonra Türkiyə iqtisadiyyatı ciddi problemlərlə üz-üzədir” - Türkiyəli ekspert

“Fevralın 6-da baş verən güclü zəlzələ 10 əyalətimizdə ciddi dağıntıların yaranmasına səbəb oldu. Türkiyə Müəssisə və İş Dünyası Konfederasiyası (TÜRKONFED) zəlzələlərinin vurduğu maddi ziyanla bağlı ilkin hesabat hazırlayıb. Hesabatda qeyd edilir ki, bu zəlzələlərin vurduğu zərər 84,1 milyard dollar maddi ziyana səbəb olacaq”.

Bu barədə Metbuat.az-a açıqlamasında türkiyəli iqtisadçı-ekspert Ərsin Dədəqoca bildirib. Zəlzələdən əvvəl iki illik pandemiya dövründə inflyasiyanın 16 faiz təşkil etdiyini deyən ekspert vurğuladı ki, ölkədə xarici borcların ödənilməsində də problemlər yaranıb. Məzənnənin artmasının da bu vəziyyəti çətinləşdirdiyini qeyd edən Ərsin Dədəqocanın fikirlərinə görə, yükək inflyasiya nəticəsində yoxsulluq həddi 30 yanvar tarixinə qədər olan statistikaya əsasən 29 min 875 TL olaraq hesablanıb.

Ərsin Dədəqoca

“Zəlzələ elə bir zamanda baş verdi ki, hazırki iqtisadi böhranın daha da ciddiləşəcəyi proqnozu verilir. Zəlzələdən təsirlənən bölgələr ölkə məhsuldarlığının 20 faizinə fayda verirdi. Hesab edirəm ki, quraq keçən əkinçilik və heyvandarlıq sahəsində ciddi problemin olması və bunun ərzaq inflyasiyasının artmasına təsir göstərəcək. Çünki zəlzələdən sonra insan itkisi və tələfat səbəbindən bu il istehsal və məhsulun nə qədər olacağı da məlum deyil. İnfrastruktura xüsusəndə kommunikasiya, elektrik, su, nəqliyyat sahəsində dağıntıların çox olduğunu nəzərə alsaq ciddi problemlərlə üz-üzə qaldığımızı düşünmək elə də çətin deyil”.


Mənbə:Bloomberg (2022-ci il üzrə ÜDM)

Ekspert bank sektoru üçün də ciddi problemlər yaranacağını vurğulayaraq bildirdi ki, 10 bölgənin doqquzuzda problemli kreditlər üzrə 16 faiz payı var.

“Zəlzələdən sonra bu kreditlərin qaytarılması gecikəcək, mövcud əmanətlər böyük ölçüdə geri alınacaq. Hesab edirəm ki, problemli kreditlərin restrukturizasiyası və ya yığılması da çox çətindir. “Bloomberg” Türkiyə iqtisadiyyatının zəlzələ ilə bağlı dövlət xərclərinin ÜDM-in 5,5 faizinə bərabər ola biləcəyini təxmin edir. Bu o deməkdir ki , büdcə kəsirinin indiki şərtlərdə ən az 1 trilyon TL-ni keçəcəyi gözlənilir . 2023-cü ildə nominal milli gəlirin 18 trilyon TL-ni keçəcəyi gözləntisini nəzərə alsaq, büdcə kəsirinin milli gəlirə nisbətinin 5,4 faizdən çox olacağı ehtimalı yüksəkdir”.

Ərsin Dədəqoca hesab edir ki, bu problemlərdən yeganə çıxış yolu elmin ən son texnikalarını tətbiqi ilə növbəti təbbi fəlakətlərə ciddi hazırlıq görmək ola bilər.

“Zəlzələ təbii bir hadisədir. Onu ölümcül fəlakətə çevirən yanlış tikililər və az qala təbiətə zidd yerləşən yaşayış məntəqələridir. Zəlzələlərin təsirini məhdudlaşdırmaq, tikinti və məskunlaşmada insan tərəfindən törədilən səhvləri aradan qaldırmaq üçün zəlzələyə davamlı tikililər tikmək və onlara nəzarət etmək lazımdır” .

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR