Ombudsman bu gün baş verən erməni təxribatına münasibət bildirdi

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfinin Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda törətdiyi növbəti hərbi təxribata münasibət bildirib.

Metbuat.az xəbər verir ki, açıqlamada deyilir:

"Ermənistandan Qarabağ iqtisadi rayonuna silah-sursat, digər hərbi təchizat, o cümlədən minalar, yanacaq və canlı qüvvənin daşınması faktlarının bundan əvvəl də müəyyən olunduğunu, bununla bağlı beynəlxalq təşkilatlara dəfələrlə müvafiq bəyanatlarla müraciət etdiyimizi, lakin bütün xəbərdarlıqlara baxmayaraq təxribatların davam etdiyini, insanların həyat və sağlamlığına ciddi təhdidin mövcudluğunu nəzərə alınaraq, Azərbaycanın dövlət sərhədində Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasını tələb edirik.

Bununla yanaşı, beynəlxalq və regional təşkilatlara, xarici ölkələrin ombudsman və milli insan hüquqları təsisatlarına bir daha müraciət edərək, Ermənistanın regionda törətdiyi insan hüquqları pozuntularına qarşı sərt reaksiya bildirməyə, regionda dayanıqlı sülhün və inkişafın təmin edilməsinə təhlükə yaradan bu kimi əməllərindən çəkindirilməsi istiqamətində beynəlxalq hüququn norma və prinsiplərinə uyğun qəti tədbirlər görməyə çağırırıq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR