İlham Əliyev Azərbaycan qadınlarını

Prezident İlham Əliyev Azərbaycan qadınlarına təbrik məktubu ünvanlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Prezidentinin 6 mart 2023-ci il tarixli Sərəncamı ilə təltif edilmiş qadınlara dövlət mükafatlarının təqdimetmə mərasimində məlumat verilib.

Təbrik məktubunu Azərbaycan Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva səsləndirib.

Təbrik mətnində deyilir:

"Hörmətli xanımlar!

Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət və gələcək işlərinizdə uğurlar arzulayıram.

Xalqımız çoxəsrlik tarixinin bütün dövrlərində qadını ülviyyətin təcəssümü saymış və ona hər zaman dərin ehtiram göstərmişdir. Azərbaycan qadınları keçmişimizin taleyüklü, həlledici anlarında vəzifələrinin öhdəsindən daim layiqincə gəlmişlər. Bəşər mədəniyyəti xəzinəsinə töhfəmiz olan milli-mənəvi dəyərlərimizin bir bütöv halında qorunub saxlanılmasında onların misilsiz xidmətləri vardır.

Azərbaycan qadınları dünyanın bir sıra qabaqcıl ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ qazanmış, incəsənətin və elmin ən müxtəlif istiqamətləri üzrə müsəlman Şərqində qadınlar arasında ilk addımları atmaqla qabaqcıl düşüncəli, yenilikçi və mütərəqqi ruhlu olduqlarını sübuta yetirmişlər. Onlar ölkəmizin, xüsusən təhsil, səhiyyə və mədəniyyət sistemlərinin müasir əsaslar üzərində qurulması üçün böyük əzmlə çalışmış, ötən müddət ərzində mühüm nailiyyətlər əldə etmişlər.

Ədəbi-ictimai və mədəni-elmi fikir tariximizdə iz buraxmış maarifpərvər sələflərinin adlarını uca tutan və nəsillərin varisliyi prinsipinə sadiq qalaraq onların açdıqları yolda inamla irəliləyən Azərbaycan xanımları bu gün də dolğun sosial-mədəni fəaliyyətləri ilə cəmiyyətimizin inkişafına xüsusi dinamizm və ahəngdarlıq qatırlar.

Fədakar analarımız, yüz illər əvvəl olduğu kimi, vətəni ana qədər əziz və müqəddəs bilən, qəlbləri doğma yurda sevgi ilə dolu, ənənələrimizə sadiq, saf əqidəli övladlar yetişdirirlər. Haqq işi uğrunda apardığımız Vətən müharibəsində xalqımıza parlaq qələbə sevinci yaşadan gənclərimizin unudulmaz rəşadəti bunun aydın təzahürüdür.

İnanıram ki, zəngin mənəviyyatlı Azərbaycan qadınları qarşıdakı illərdə də qurub-yaratmaq şövqləri ilə cəmiyyət həyatına yüksək dəyərlər bəxş edəcək və müstəqillik salnaməmizə yeni, işıqlı səhifələr yazacaqlar".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR