Türkiyədə seçkilər:

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri Kemal Kılıçdaroğlu “Millət” koalisiyasının prezident seçkilərindəki namizədi olacaq.

Məlumata görə, CHP, İYİ Partiya, Səadət Partiyası, DEVA, Demokrat Partiya və Gələcək Partiyası “Millət” koalisiyası çətiri altında bir araya gəlib Səadət Partiyasının ev sahibliyi altında toplaşaraq prezidentliyə ümumi namizədini açıqlayıb. Millət koalisiyası Səadət Partiyasının mərkəzi binası qarşısında edilən açıqlama ilə prezidentliyə namizədini rəsmən elan edib. Beləliklə də, müxalifətin seçkilərdəki vahid namizədi Kemal Kılıçdaroğlu olub.

Metbuat.az xəbər verir ki, vəziyyəti şərh edən politoloq Samir Hümbətov bildirdi ki, seçkilərdə digər bir namizədin olacağı da qətiləşmək üzrədir. Bu isə Məmləkət Partiyasının rəhbəri Məhərrəm İncədir. Millət vəkili Sinan Oğanın da namizəd olma ehtimalının artdığını ifadə edən politoloq deyir ki, görünən odur ki, səslərin parçalanması artacaq.

Samir Hümbətov

"Meral Akşener "altılı masa"ya geri dönsə də, artıq şanslarının böyük hissəsi itirilmiş kimi görünməyə başlanıb. Eyni zamanda, Kamal Kılıncdaroğlunun kimiliyi də son zamanlar cəmiyyət və mediada sorğulanmaqdadır. Kılıncdaroğlunun atasının kürd, anasının erməni olması ilə bağlı yayılan məlumatların mediada və cəmiyyətdə manşet edilməsi işin bir başqa istiqamətini göstərmiş olur. Yəni görünən odur ki, bu seçkidə prioritet namizəd Ərdoğandır. Hər vəziyyətdə Türkiyədə gərgin seçkinin olacağı açıq şəkildə görünməkdədir".

Mövcud iqtidarın son 20 ildə Türkiyənin həm daxili, həm də xarici siyasətini yenidən formalaşdırdığını qeyd edən S.Hümbətov hesab edir ki, Türkiyə daxilində terrorun, xüsusilə də PKK terrorunun minumuma endirilməsi, Cənubi Qafqaz, Mərkəzi Asiya, Balkan Yarımadası, Yaxın Şərq və Şimali Afrikada, Şərqi Aralıq Dənizində möhkəmlənmə, Türk Dövlətlər Təşkilatını qurulması, Türkiyənin özünəməxsus müdafiə sənayesini qurması və inkişaf etdirilməsi, Qərb dövlətləri, xüsusilə də ABŞ ilə müzakirə edilmədən atılan addımlar olduğu üçün Ərdoğan hökuməti onlar üçün arzuolunmaz kimi qəbul edilməyə başlanıldı. Politoloqun fikirlərinə görə, məhz Qərb dövlətləri mövcud iqtidarın hakimiyyətdən getməsi üçün bütün mümkün imkanlardan istifadə etməyə çalışır.


"Mövcud hökumətdən fərqli olaraq Kamal Kılıçdaroğlunun rəhbərlik etdiyi blok Türkiyənin daxilində və xaricindəki mövcud mövqeyini dəyişməyə çalışır görüntüsü də verməkdədir. Türkiyədə iqtidar dəyişərsə, siyasət də dəyişər anlayışı ortaya çıxa bilər. Əlbəttə ki, bu seçki həm də türk "dərin dövləti" ilə Qərb dövlətləri arasında gedəcək ciddi rəqabəti də göstərmiş olacaq. Fikrimcə, Məhərrəm İncənin 2018-ci ildə "Millət İttifaqı"nın və CHP-nin vahid namizədi olmasına baxmayaraq 2 il öncə CHP-dən ayrılaraq Məmləkət Partiyasını qurması, bu seçkilərə də qatılmaq qərarı verməsi CHP-nin səslərini ciddi şəkildə parçalaya bilər. Ona görə ki, Məhərrəm İncə Kamal Kılıncdaroğlundan və digər "altılı masa" nümayəndələrindən daha xarizmatik siyasətçidir və demək olar ki, CHP tərəfdarlarının ona ciddi simpatiyası var. Bu da səslərin parçalanması deməkdir".


Samir Hümbətov onu da qeyd etdi ki, 6-7 Fevral 2023-cü ildə Türkiyənin on vilayətində baş vermiş dəhşətli fəlakətə səbəb olmuş zəlzələ nəticə etibarı ilə seçkiyə təsir edəcək amillər kimi dəyərləndirilməyə çalışılsa da, onun o qədər də ciddi təsir edəcəyini düşünmək doğru olmazdı. Çünki baş vermiş zəlzələ təbii fəlakətdir və bir yox, bir neçə bölgəni əhatə edib. Ona görə də belə məqamda istənilən iqtidar belə təbii hallara görə günahkar görülə bilməz.

"Türkiyədə mövcud hökumət daha çox islamçı və millətçi ideologiya üzərinə qurulub. Yəni hökumət həm dindar, həm də millətçi kəsimdən dəstək almağı bacarır. Bu isə o deməkdir ki, mövcud hökumət cəmiyyətin böyük hissəsinə nüfuz etməyi bacarır. Əlbəttə seçkidən böyük möcüzələr gözləməyə dəyməz. Güman ki, 50 faizin üzərində nəticələr ola bilər. Ən pis halda isə ikinci tura gedə bilərlər ki, burada da mövcud hökumət daha şanslı görünür",- deyə müsahibimiz fikrini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR