​Nə oldu, Muradov? -

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, Rusiya Müdafiə Nazirliyində Şərq Hərbi Dairəsinin (ŞHH) komandanı general-polkovnik Rüstəm Muradovla bağlı narazılıqlar artır. Bildirilib ki, Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu Şərq Hərbi Dairəsinin (ŞHH) komandanı general-polkovnik Rüstəm Muradova nəyin bahasına olursa-olsun Vuhledarı ələ keçirməyə əmr edib.

Metbuat.az xəbər verir ki, məlumata görə, Vuhledar istiqamətində irəliləyişin olmaması Muradovla bağlı tənqidi fikirləri artırıb.

Məsələyə münasibət bildirən siyasi şərhçi Kənan Novruzov deyir ki, bir müddət əvvəl Qarabağdakı sülhməramlı kontingentə komandanlıq edən Muradovla bağlı əvvəllər də tənqidi fikirlər səsləndirilib. Görünür, o, ümidləri dorğulda bilmir.

"Muradova kifayət qədər ciddi vəzifə həvalə edilib. Onun ortaya qoyduğu səriştə müharibənin taleyi üçün həlledici ola bilər. Vuhledar Donetsk vilayətinin rayonudur. Və strateji əhəmiyyətə malikdir. Vuhledarın ələ keçirilməsi Donetskə nəzarətin təmin olunması deməkdir. Bu isə gələcəkdə Ukraynanın parçalanmasına səbəb ola bilər. Odur ki, Rusiya Silahlı Qüvvələri bu istiqamətə xüsusi diqqət yetirir. İkinci bir tərəfdən Vuhledar hazırda gərgin döyüşlərin getdiyi Baxmutla qonşudur. Deməli, Vuhledarın ələ keçirilməsi həm də Baxmutda üstünlüyü ələ almaq üçün Rusiya ordusuna lazımdır. Ukraynanın şərq istiqaməti Rusiya üçün xüsusi əhəmiyyət daşıyır. Ona görə də Muradovdan gözləntilər böyükdür".

Qarşıya qoyulan tapşırığın yerinə yetirilməsi üçün Muradova şəxsi heyət və texnikanın ayırılması da riskli hesab edən K.Novruzov qeyd etdi ki, cəhdlər yenə uğursuz olarsa, resurslar boş-boşuna sərf edilmiş olacaq.

"Bu isə indi Rusiya üçün qətiyyən arzuolunan deyil. Mövcud resurslar onsuz da günü-gündən tükənir. Gələcəkdə tənqidi fikirlərin artacağı təqdirdə Muradovun vəzifəsindən azad olunacağı istisna deyil".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR