​“İranın məqsədi müharibə yox, sabitliyə xələl gətirəcək təxribatlar törətməkdir” -

“İran xüsusi xidmət orqanlarının son vaxtlar ifşa olunan agentura şəbəkəsinə qarşı Dövlət Təhlükəsizlik Xidməti tərəfindən keçirilən ciddi əməliyyatlar bir daha göstərir ki, onlar bir neçə istiqamətdə Azərbaycana qarşı öz təxribat fəaliyyətlərini davam etdirirlər”.

Bu fikirləri Metbuat.az-a müsahibəsində millət vəkili Arzu Nağıyev deyib. Müsahibimiz bildirdi ki, ölkəmiz İran tərəfindən törədilən təxribatın qarşısını dəqiqliklə alaraq onların törətdiyi hər bir məsələyə adekvat cavab verir.

Arzu Nağıyev - millət vəkili

“İran tərəfindən aparılan təxribatın biri radikal dini qurumlar vasitəsilə aparılır. Onlar istəyirlər ki, nüfuzlu agentura şəbəkəsini yaradaraq gələcəkdə Azərbaycanda İslam dövləti qursunlar. Bu təxribatçı qruplar həm də Azərbaycanın dövlət strukturunun dəyişdirilməsi istiqamətində öz xain planlarını həyata keçirmək məqsədinə xidmət edirlər. Əvvəllər ifşa olunmuş agentura şəbəkəsi Azərbaycanın enerji təhlükəsizliyinə, eyni zamanda enerji strukturu və müdafiə sənaye kompleksimizə qarşı təhdid yaradacaq materialları toplayaraq Ermənistana ötürməklə məşğul olurmuşlar. Bir neçə gün öncə İranın Azərbaycan sərhədinə döyüş təyyarə ilə törətdiyi təxribat, sərhəd boyunca uçuş edərək, vizual kəşfiyyat aparması sübut edir ki, İran əməllərindən əl çəkmir. Azərbaycana qarşı olan bu addımlar həm də qonşuluq siyasətinin pozulmasının bariz nümunəsidir”.

Arzu Nağıyev xatırlatdı ki, İran tərəfi 90-cı illərin ortalarında da belə addımlar ataraq ciddi cəhdlə nüfuz agenturalarını ölkə daxilinə yeritmək istəyirdilər. Dövlətimiz tərəfindən bu kimi təxribatların qarşısının vaxtında alındığını vurğulayan millət vəkili hesab edir ki, Dövlət Təhlükəsizlik Xidməti bu istiqamətdə müvafiq işlər görərək, əməliyyat şəraitinə ən yüksək səviyyədə nəzarət edir.


“Azərbaycanın xarici və daxili siyasəti var. Azərbaycan dövlətçiliyimizə qarşı olan istənilən təxribatın qarşısını almaq üçün adekvat addım atacaqdır. İran və ya o niyyətdə olan digər dövlətlər elə başa düşməsinlər ki, bu kimi cəhdlərlə onlar nəyəsə nail ola bilərlər”.

Bəs İran-Azərbaycan gərginliyi iki ölkə arasında müharibəyə gətirib çıxara bilərmi?

“İnanmıram ki, İran hansısa müharibəyə başlamaq istəyir. Məqsəd sabitliyə xələl gətirəcək təxribatlar törətməkdən ibarətdir. Bunun da qarşısı hər zaman olduğu kimi dəqiqliklə alınacaqdır. İran hətta təlim keçirəndə qarşısında Azərbaycanla Türkiyə birləşməsini görürlər. Onlar qorxular ki, İsrail Azərbaycana dəstək ola bilər. Eyni zamanda narahatlıqlarına səbəb Azərbaycana digər İslam dövlətləri, Qoşulmama Hərəkatı nümayəndələri hərtərəfli dəstəyinin mümkün ola biləcəyi ilə bağlıdır. Ona görə də düşünürəm ki, bunların əsas məramı, məqsədi belə kiçik təxribatlar edərək cılız varlıqlarını xatırlatmaqdan ibarətdir”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR