"Oqtay şou-biznesin yarıdan çoxunu media dünyasına, efirə gətirən insan olub. Mənəvi ata və ana olub. Çünki bu gün ki gün elə insanlar tanıdıq ki, baxıb görürsən ki, bu, Oqtayın və "SOY" prodakşının məhsuludur".
Metbuat.az bizim.media-ya istinadən xəbər verir ki, bunu Nazilə Səfərli deyib.
Şairə O.Əliyevin onun üzərində zəhməti olduğunu ilk dəfə etiraf edib:
"O qədər uzaqdan, rahatlıqla seyr edə bilirdi ki, bir insanı necə məhşur edə bilər, ona qol-qanad verə bilər. Yeri gəlmişkən, mən də onların sırasındayam. Oqtay zamanında mənə də çox dəstək olub. Amma bu haqda nə mən, nə də Oqtay danışıb. Oqtayın üzərimdə haqqı var. Allah rəhmət eləsin!"
Mərhumun ailəsinə başsağlığı verən N.Səfərli bu itkidən Dilarənin "dəli olmaq" həddinə çatdığını bildirib:
"Dilarənin halını heç təsəvvür belə etmək istəmirəm. Oqtayla vidalaşmaq üçün onun evinə gələndə tərəddüd etdim. Düşündüm ki, bəlkə getməyim, görməyim bu vida mərasimini. Onda elə qalar ki, Oqtay heç zaman dünyasını dəyişməyib.
Gecə saatlarında meyitxanada idim. Dilarənin üzünün ifadəsi və mimikası dəyişir, "gedir-gəlir". Dedim ki, indi bunun başına hava gələcək.
Dilarə o an elə bir şok vəziyyətində idi ki... O nə ağlayırdı, nə də ki danışırdı. Donub, qalmışdı. Çünki Oqtay sıradan, xeyirsiz bir qardaş deyil. Oqtay yetərincə həm ailəsi, həm ölkəmiz üçün bar verən qardaş idi. Allah onun ailəsinə və bizə səbr versin. Oqtay bizi yetim qoydu".