Bakının əsas prospektlərindən sayılan Heydər Əliyev prospektində sürət həddi endirilib.
Metbuat.az xəbər verir ki, sürət yolun 110 km/saatlıq hissəsində 90 km/saat, 90 km/saatlıq hissədə isə 70 km/saat olaraq dəyişdirilib.
Heydər Əliyev prospektindən sonra mərhələli şəkildə digər küçə və prospektlərdə də sürət həddinin endirilməsinə dair müvafiq yol nişanları quraşdırılması nəzərdə tutulub.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi də açıqlama yayıb.
Qeyd edilib ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarəolunması məqsədilə 14 yol sahəsində sürət hədlərinin endirilməsi ilə bağlı təkliflər hazırlanıb və Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılıb:
"Sözügedən yol sahələrində mərhələli şəkildə müvafiq yol nişanları quraşdırılmasına başlanılıb. Maksimum sürət həddini göstərən yol nişanları ilk olaraq Heydər Əliyev prospekti, Mərdəkan şosesi-Zuğulba yolu, Mikayıl Əliyev prospekti və Bibiheybət yollarında quraşdırılır. Sürücülərdən yol nişanlarının tələbinə uyğun olaraq tətbiq edilən yeni sürət həddinə riayət etmələrini xahiş edirik".