Azərbaycanda 46 nəfər saxlanılıb -

Son 20 gündə Azərbaycanda 46 nəfər saxlanılıb, 250 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Novruz bayramı günlərində DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Lənkəran şəhər sakini Vüsal Tahirovu saxlayıb.

Onun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı ümumilikdə 62 kiloqram, o cümlədən 23 kiloqram heroin, 7 kiloqram tiryək, 24 kiloqram marixuana və 8 kiloqram metamfetamin aşkarlanıb.

“Bu polisin istirahət günlərində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdiyi əməliyyatlardan yalnız biridir. Müxtəlif şərti adlar altında İrandan qaçaqmalçılıq yolu ilə ölkəmizə külli miqdarda narkotik vasitələr göndərən şəxslərin Azərbaycandakı dayaqlarına qarşı Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 20 gündə paytaxt və bölgələrdə keçirilən silsilə əməliyyatlar zamanı 5 mütəşəkkil dəstə, o cümlədən 46 nəfər saxlanılıb, 1 nəfər isə polisə odlu silahla müqavimət göstərdiyi üçün zərərsizləşdirilib. Qanunsuz dövriyyədən 250 kiloqram müxtəlif xassəli narkotik vasitə, psixotrop maddə, elektron tərəzilər və 11 min ədəd ekstazi və metadon həbi çıxarılıb.

Sonuncu silsilə əməliyyatlar zamanı İrandan Azərbaycana narkotik vasitələri qeyri-leqal yollarla göndərən kanallardan daha bir neçəsinə zərbə endirilib.

Saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin ölkə daxilində və xaricindəki digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir”, - məlumatda qeyd olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR