Mərkəzi bank QƏRAR VERDİ:

“Mərkəzi Bankın uçot dərəcəsini 8.75%- ə, faiz dəhlizinin aşağı həddi 7%- ə, faiz dəhlizinin yuxarı həddi isə 9.75%- ə qaldırması hazırkı vəziyyət üçün başa düşülən olsa da, təəssüf ki, bu iqtisadiyyatın boğulmasına öz töhfəsini verəcəkdir”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. Onun şərhinə görə, yeni qərar müəyyən qədər kreditlərin bahalaşmasına gətirib çıxardacaqdır.


Eldəniz Əmirov

“Uçot dərəcəsinin artırılması əslində manatın bahalaşması anlamına gəlir. Doğrudur, hazırda manatın məzənnəsi üçün hər hansı təhdid yoxdur. Kredit faizlərinin yüksəlməsi məsələsinə gəldikdə isə faiz dəhlizi məsələsini nəzərə almaq lazımdır. Məsələn, faiz dəhlizi 9.75 faiz olduğu halda banklar 13-15 bəzən 20 faizdən kredit verir. Bu vəziyyətdə inzibati qaydada banklara hər hansı bir qadağa qoyula bilməz. Bu bazar iqtisadiyyatıdır və banklar da rəqabət şəraitində hərəsi bir faizlə kreditini təklif edir”.

Ekspert bildirdi ki, uçot dərəcəsinin yenidən qaldırılmasında əsas məqsəd inflyasiyanın cilovlanmasıdır.

“Digər bir maraqlı məqam, Mərkəzi Bank yenə də 2023-cü ildə illik inflyasiyanın 8% ətrafında olacağı proqnozunu yenidən təsdiqləməsidir. Yəni 2022-ci ildəki inflyasiya 6 faiz bəndi azalacaq. İlk baxışdan verilmiş 8%-li proqnoz və davamlı uçot dərəcəsində olan artırılmalar təzadlı görünə bilər. Yəni əgər inflyasiya 6 faiz bəndi enərək 8%-ə düşəcəyi proqnoz edilirsə, niyə uçot dərəcəsi belə sürətlə qaldırılır. Amma aşağı proqnoz və uçot dərəcəsinin artırılması arasında bir məntiqi əlaqə var ki, bu da uçot dərəcəsinin davamlı artırılması hesabına inflyasiyanın 8%-ə endirilməsinə nail olmaqdır. Bütün bunlar həm xarici, həm də daxili faktorlardan dolayı vacibdir”.

Eldəniz Əmirov onu da qeyd etdi ki, Mərkəzi Bank may ayının üçündə uçot dərəcəsinin artırılması ilə bağlı yenidən qərar verəcəkdir. Ekspert hesab edir ki, bu qərar zamanı uçot dərəcəsində yenə də artım olma ehtimalı çoxdur.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR