Ali Məhkəmədə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

14:13 19 Yanvar 2015
65 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc 
Yanvarın 19-da Ali Məhkəmədə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş yığıncaq keçirilib.
AzərTAc xəbər verir ki, yığıncaqda çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirib ki, 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror həyata keçirib.
Qeyd edilib ki, bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən dahi şəxsiyyət Heydər Əliyev olub. Ulu Öndər faciənin ertəsi günü - yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu hadisələri törədən şəxsləri kəskin şəkildə tənqid edib, həmin qırğını hüquqa, demokratiyaya, humanizmə zidd hesab etdiyini bildirib. Görkəmli dövlət xadimi ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verib, şəhidlərin ailələrinə və zərərçəkənlərə daim diqqət və qayğı göstərib.
Qeyd edilib ki, bu gün Azərbaycanda dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin xeyirxah əməlləri davam etdirilir. Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, bu sahədə də Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirir.
Diqqətə çatdırılıb ki, Ulu Öndərin təşəbbüsü ilə 20 Yanvar hadisələrinə verilən hüquqi-siyasi qiymət ümumiləşmiş formada bundan ibarətdir ki, o vaxtkı SSRİ rəhbərliyi Azərbaycana təcavüz edib. Əlbəttə, hadisənin günahkarlarının da adları açıqlanıb. SSRİ rəhbərliyinin təcavüzünün qarşısı alınmalı idi, o zamankı respublika rəhbərliyi bu qırğına imkan verməməli idi. Bu hadisəyə görə o vaxt xalqın azadlıq hərəkatına rəhbərlik edənlər də məsuliyyət daşıyırdı. SSRİ rəhbərliyinin təcavüz edəcəyini bilərək xalqı qırğına aparan və bu zaman özləri kənarda qalanlar günahkardırlar.
Çıxış edənlər bildiriblər ki, Azərbaycan xalqı 20 yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi. 1990-cı ilin qanlı yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Bu gün də Azərbaycan xalqı canlarından keçən övladları ilə fəxr edir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR