Banklarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir -

Son günlərdə müəyyən sosial şəbəkələrdə müxtəlif istifadəçilər tərəfindən “bank sisteminin çökməsi”, “əmanətlərin dondurulması”, “kart və hesablarda olan pulları nağd etmək tövsiyə edilir” başlıqları altında həqiqəti əks etdirməyən və əsası olmayan paylaşımlar yer almaqdadır.

Azərbaycan Banklar Assosiasiyasından Metbuat.az-a bildirilib ki, bu məlumatlar tamamilə yanlışdır və təxribat xarakteri daşıyır.

    "Bildirmək istəyirik ki, 2022-ci ilin nəticələri bank sistemi, o cümlədən rəqəmsal ödənişlər üzrə uğurlu olub. Bank sektorunda müşahidə olunan inkişaf tendensiyası hazırkı dövrdə də yüksələn trayektoriya ilə davam edir və bank sistemi bu inkişaf fonunda öz dayanıqlılığını qorumaqdadır. Cari ilin fevral ayının sonuna Azərbaycan bank sektorunun aktivlərinin həcmi 45.7 mlrd. manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18.8% çoxdur. Hesabat dövründə bankların kredit portfelinin həcmi isə ötən ilin fevralına nəzərən 15.4%, ilin əvvəlinə nəzərən isə 163 mln. manat artaraq, 19.8 mlrd. manata yüksəlib"- ABA açıqlayıb.

    Vurğulanıb ki, banklara inam göstəricisi kimi göstərilən əhalinin banklardakı əmanətlərinin həcmi isə 11.7 mlrd. manata yüksəlib ki, bu da illik 18.1%, ilin əvvəlinə nəzərən isə 1.5%-lik artımın olduğunu göstərir. Bank sektorunun kapitalının həcmi də artaraq, 5.7 mlrd. manat təşkil edib. Qeyd olunan göstərici əvvəlki ilin müvafiq dövrünə nəzərən 13.3%, ilin əvvəlinə nəzərən isə 2% yüksəlib.

    "Sektorun mənfəətliliyi də yüksək səviyyədə qalmaqda, ötən ilki göstəriciləri daha da üstələməkdədir. Belə ki, bu ilin yanvar-fevral aylarında sektorun faiz gəlirləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 39.2%, qeyri-faiz gəlirləri 23.6%, xalis mənfəəti isə 44.6% artıb, xalis mənfəəti 155.7 mln. manat təşkil edib. Cari ilin fevral ayında dövriyyədə olan ödəniş kartlarının sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 18.4% artaraq, 13 mln. 654 min ədəd təşkil edib. Ödəniş kartları ilə ölkə daxilində aparılan nağdsız əməliyyatların həcmi isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.1 dəfə artmış və 2877 mln. manat olub" - deyə Assosiasiya əlavə edib.

    Azərbaycan Banklar Assosiasiyası qeyd edilənləri nəzərə alaraq ictimaiyyəti sosial şəbəkələrdə əsası olmayan məlumatlara inanmamağa, həmçinin bu kimi təxribat xarakterli hallara qarşı ehtiyatlı olmağa çağırır.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR