​“Tarix üçün danışırıq” layihəsinin təqdimatı keçirilib

Azərbaycan Gənclər Fondu və “İrəli” İctimai Birliyinin dəstəyi ilə həyata keçirilən “Tarix üçün danışırıq” layihəsinin təqdimat mərasimi keçirilib.

Metbuat.az xəbər verir ki, “İrəli” İctimai Birliyinin ofisində keçirilən tədbirdə çıxış edən təşkilatın baş katibi İlqar Axundov Birlik tərəfindən gənclərin təşəbbüslərinin reallaşdırılması istiqamətində təşkilatın “İdeya Bankı”nın fəaliyyət göstərdiyini və indiyədək “İdeya Bankı”na ünvanlanan müraciətlər əsasında ondan artıq layihənin həyata keçirildiyini qeyd edib. “Tarix üçün danışırıq” layihəsinin sosial şəbəkələrdə Azərbaycanın tarixi, mədəniyyət və incəsənətinin təbliği, habelə gənclərin bu sahədə maarifləndirilməsində olduqca mühüm addımlardan biri kimi qiymətləndirən İlqar Axundov layihənin işində uğurlar arzulayıb.

“Tarix üçün danışırıq” layihəsinin rəhbəri Sara Şükürova layihə çərçivəsində baş tutan fəaliyyətlərə göstərilən dəstəyə görə Azərbaycan Gənclər Fondu və “İrəli” İctimai Birliyinə təşəkkürünü bildirib. O qeyd edib ki, layihənin əsas məqsədi Azərbaycanın milli-mənəvi dəyərlərini gənclər arasında təbliğ etmək, ölkə gəncliyinin tarix, mədəniyyət və incəsənət haqqında olan biliklərini daha da gücləndirmək, habelə Azərbaycan tarixi haqqında ölkə və dünya ictimaiyyətinə yeni məlumatlar ötürərək, ümumilikdə dövlət gənclər siyasətinə töhfə verməkdir. Layihə müddətində hazırlanmış videoçarxların gələcəkdə xarici dillərə tərcüməsi də planlaşdırılır.

Tədbirin sonunda “Tarix üçün danışırıq” layihəsi çərçivəsində hazırlanmış videoçarxların təqdimatı baş tutub. Tədbirdə iştirak etmiş gənclərlə xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, layihə Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsi çərçivəsində keçirilir. Layihə çərçivəsində hazırlanmış videoçarxlara aşağıdakı link vasitəsilə keçid edə bilərsiniz: https://bit.ly/3lST1x2


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR