Yeniyetmənin ruhi xəstə olmadığını deyən baş həkim işdən çıxarıldı -

1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi, Əməkdar həkim Ağahəsən Rəsulov vəzifəsindən azad olunub.

Səhiyyə Nazirliyindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.

Qeyd edilib ki, 2008-ci ildən 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi olan A.Rəsulov Əmək Məcəlləsinə əsasən yaş həddi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad olunub.

Xatırladaq ki, Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan və həmin uşaq evi ilə bağlı şikayətini bildirən yeniyetmə Məhəmməd Hacıyevin 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilməsindən sonra bu xəstəxananın adı daha tez-tez hallandırılır. Onu da bildirək ki, A.Rəsulov bir gün əvvəl sitat.info-ya yeniyetmənin durumu ilə bağlı açıqlama verib:

"O yeniyetmə ruhi xəstə deyil. Psixiatriya iki hissəyə bölünür, böyük və kiçik psixiatriya. Bunda diaqnoz sosiopatiyadır. Cəmiyyətdə özünü düzgün apara bilmir. Bir qədər narahat uşaqdır. Bunu dəlixanaya salmaq nə dərəcədə düzgündür? Uşaq evindən göndəriblər, biz də geri göndəririk uşaq evinə. Uşaq evinin müdiriyyəti onu qəbul eləmir. Qoy indi çıxış eləsin, desin ki, mən yanlış demişəm uşaq evi barəsində. O zaman uşağı qəbul edəcəklər. Uşaq evi kiminsə atasının evidir məgər, istəsən qəbul edəsən, istəməsən yox".

Qeyd: Bu barədə ilk məlumatı Bakıvaxtı.az saytı yayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR