Böyük Britaniya nümayəndə heyəti Ağdamda səfərdə olub

Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü və Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmənin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində işğaldan azad olunmuş Ağdam şəhərində olublar.

Bu barədə Metbuat.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nümayəndə heyəti Ağdamda Ermənistanın işğal zamanı Azərbaycan ərazisində törətdiyi vandalizmi öz gözləri ilə görüblər.

Səfər zamanı qonaqlar Ağdam Cümə məscidi və Ağdam Dövlət Dram Teatrının qalıqları ilə tanış olublar.

Nümayəndə heyətinin üzvlərinə Ermənistanın müharibə cinayətləri, mədəni, tarixi, dini abidələri məhv etməsi, bu ərazilərə çoxlu sayda mina basdırması barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Ermənistanın işğal etməsinə qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. Ermənilər işğal etdikləri Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsal müəssisələrini talan edib, uçurub və yandırıblar. Erməni vandalları hətta Şəhidlər xiyabanlarını, qəbiristanlıqları da dağıdıblar.

Qonaqlara işğaldan azad olunduqdan sonra burada həyata keçirilən tikinti-quruculuq işləri barədə məlumat verilib, onlara Ağdamın Baş planı göstərilib.

Böyük Britaniya nümayəndə heyətinin üzvləri Ağdamda minatəmizləmə fəaliyyəti ilə məşğul olan ANAMA əməkdaşları ilə də görüşüblər.

Sonra Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü və Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən Ağdamda jurnalistlərə müsahibə verib, burada gördükləri barədə təəssüratlarını bölüşüb.

Ağdam səfəri zamanı Böyük Britaniya nümayəndə heyətini Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov və digər rəsmi şəxslər müşayiət ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR