Günaydan Dövlət Dil Komissiyasına etiraz:

Xəbər verdiyimiz kimi, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərimizə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların siyahısını açıqlayıb..

Metbuat.az xəbər verir ki, müğənni Günay İbrahimli bu siyahıda adının olmasına etiraz edib. Sənətçi bunu özünə qarşı qeyri-etik davranış kimi qiymətləndirib:

"Bu gün mediada Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin hazırladığı siyahıda mənim də adımın yer aldığını gördüm. Bu cür mötəbər və önəmli bir qurumun qeyri-peşəkar və qeyri-ciddi əməkdaşlarının heç bir açıqlama gətirmədən mənim ifamı və adımın o siyahıya salınmasında ehtimal edirəm ki, qərəz var. Narkotiki, pis əməlləri, cinayəti, özünə qəsdi, tüfeyli həyatı təbliğ edən şəxs və ifalarla mənim adımın bir siyahıda olması mənə və yaradıcılığıma qarşı aparılan çirkin təbliğat hesab edirəm. Niyəsə qurumun rəsmi saytında bu xəbərə rast gəlmədim və hesabatda hansısa kitaba istinad edirlər. Təsadüfə baxın ki, hansısa “mübariz” bir şəxs o kitabdan siyahını götürüb, yerli mediamıza yönləndirib və ya qurumun özü bu addımı atıb. Hər nəysə. Bu siyahıya mənim adımı əlavə edən “psevdointellektual”, "ziyalı", guya mental dəyərlərimizə sadiq olan şəxslər əsas gətirə bilərmi ki, mənim “O kimdi ki?” adlı ifamda cinayət xarakterli məzmun hansıdır? Neçə şəxs narkotikə qurşanıb? Neçə şəxs özünə qəsd edib və ya özünə qəsd etmə səviyyəsinə çatıb? Əllərində statistika və rəqəmlər varmı?

Təbii ki, bu yanaşma çirkin böhtandır mənə qarşı. O şəxsləri Azərbaycan Respublikasının Konstitusiyasını oxumağa dəvət edirəm. Kimisə təftiş edərkən ədalət əsas meyar olmalıdır. Bu siyahıda sırf mənim adımın və ifamın olmasını əsla qəbul etmirəm. Araşdırmada doğru eyhamlar var. Buna qarşı deyiləm. Amma heç bir istinad, əsas gətirmədən adımın hallanmasını şəxsimə qarşı qeyri-etik davranış olaraq qiymətləndirirəm. Monitorinq Mərkəzi işini sanballı, peşəkar mütəxəssislərə həvalə etmədikcə, kimlərinsə şəxsi qərəzini, zövqünü etalon qəbul edib, qaralama aparacaqsa, bu işi görməsə yaxşıdır.

Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 51. Yaradıcılıq azadlığı

I. Hər kəsin yaradıcılıq azadlığı vardır.

II. Dövlət ədəbi-bədii, elmi-texniki və başqa yaradıcılıq növlərinin azad həyata keçirilməsinə təminat verir".

Qeyd edək ki, tərtib olunan siyahıda Günay İbrahimlinin "O kimdir ki?!" mahnısı yer alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR